Tribuna İnformasiya Agentliyi

Tanınmış həkim və xanımı bıçaqlandı

16 İyul

Bakıda qətl törədilib.Xəzər rayonu Mərdəkan qəsəbəsində 1968-ci il təvəllüdlü İlqar Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşını bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Tanınmış həkim olan və təqaüdə çıxmış Arzu Şuşalı isə xəstəxanaya çatdırılıb.

Daha sonra Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.  Mərdəkan qəsəbəsində yerləşən bağ evində mühafizəçi və bağban kimi işləyən Sabirabad sakini, 1968-ci il təvəllüdlü İlqar Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb.

Qeyd olunur ki, əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıb. Dünən o əvvəllər həkim işləmiş və hazırda təqaüddə olan 1946-cı il təvəllüdlü Arzu Şuşalı ilə görüşmək üçün bağ evinə gəlib. Burada onlar arasında mübahisə yaranıb və İ.Xancanov kəsici alətlə ev sahibini və 71 yaşlı xanımı Əhmədova Dilarə Mehdiyevnaya çoxsaylı zərbələr endirib.

O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadını Arzu Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Lakin polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.