Tribuna İnformasiya Agentliyi

Tanınmış aşığa pul “atan”lar özlərini günahkar bilmədi

14 Fevral

Aşıq Namiqə pul atmaqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə  “BestComp Group” MMC-nin nümayəndəsi çıxış edərək Rəşad Babayevə qarşı 33440 manat  mülki iddia qaldırıb.

Təqsirləndirilən şəxs mülki iddia ilə razılaşmadığını deyib. Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini heç bir epizod üzrə təqsirli bilməyiblər.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən “BestComp Group” firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adına kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.

Hər iki şəxsə polis nəzarətində qətimkan tədbiri seçilib.

Zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur.