Tribuna İnformasiya Agentliyi

Taleh Bağırzadənin xanımının cinayət işinə xitam verildi

02 Oktyabr

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət işinə xitam verilib. 

Bu barədə “Qafqazinfo”ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Onun sözlərinə görə, işdə cinayət tərkibinin olmadığı bildirilib: “Leyla İsmayılzadədən götürülən telefon da geri qaytarılıb”.

Qeyd edək ki, L. İsmayılzadə barədə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi üzrə  ittiham verilmişdi.

Xatırladaq ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, 21.03.2019-cu il tarixdə 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.