Tribuna İnformasiya Agentliyi

Taksi şirkətlərində bahalaşma: “Bankda müdir məni qovsa da, daimi işim var…” – Reportaj/Foto

28 Sentyabr

İndi telefonu götürüb hansı 4 rəqəmi yığırsan, demək olar ki, taksi şirkətinə düşürsən. Bakıda az qala hər adama bir taksi maşını var. Onların sayı elə sürətlə çoxalır ki, taksi xidməti sektorunda bir qarmaqarışıqlıq, xaos hökm sürür.

Çünki taksi sürücüsü olmayanlar da bu peşə ilə məşğuldurlar. Məsələn, hansısa bankda və ya idarədə çalışan şəxslər axşam işdən çıxıb 1-2 saatlıq taksi fəaliyyəti göstərir, gündəlik yanacaq xərcini, siqaret pulunu və s. zəruri ehtiyaclarını qarşılayır.
Odur ki, taksi firmalarının sayı-hesabı yoxdur. “Salam taksi”, “Ulduz taksi”, “Bolt”, “Uber”, “Ekonom”, “Omega”, “Ailə”, “Güvən” və s. taksi firmaları işləyir. İlk dövrlərdə bu şirkətlərin təklifləri müştərilər üçün göydəndüşmə idi.

Ənənəvi taksilərin bazarını sıradan çıxaran bu şirkətlərin sürücüləri müştərini qəpik-quruşa, el dilində desək, şor qiymətinə mənzil başına çatdırırdı.

Deyək ki, “Montin”dən Şərifzadə küçəsinə köhnə taksilər 5-6 manata gedirdisə, şirkət taksiləri 3-4 manata aparırdı. Ancaq indi ənənəvi taksilərlə şirkətlərin heç bir fərqi, demək olar ki, qalmayıb.

Yanacaq xərclərinin artması, qidaların qiymətlərinin dəyişməsi taksi şirkətlərinin də bahalaşmasına gətirib çıxarıb.
Musavat.com üçün hazırladığımız reportaj zamanı taksi firmalarında gediş haqlarının bahalaşdığını öyrəndik. Eləcə də müştərilər və taksi sürücüləri bizimlə söhbətdə qiymətlərin qalxdığını təsdiqlədilər.

Onların sözlərinə görə, ucuz qiymətə getmək daha sərf eləmir. Taksi şirkətlərinin vecinə olmasa da, zərbə sürücülərə dəyir. Sürücülər bildirirlər ki, sifariş gələndə ekranda görünən məbləğə baxıb qərar verirlər.

“Bir də baxırsan ki, “Neftçilər” metrosundan Şəhidlər Xiyabanına gediş haqqı 4 manat 50 qəpik yazıb. Müştəridən olsa 1 manata gedər, amma sürücü kimi mənə sərf eləmir axı?! Çünki yolda tıxac var, geri qayıdanda müştəri olmaya bilər. Şəhərdə heç kim o qiymətə aparmaz. Sürücülərin çoxu şirkətlərdən uzaqlaşırlar. Gərək səhərdən axşama kimi hamballıq eləyəsən, evə 20-25 manat aparasan”, – deyə taksi sürücüsü Nemət şikayətlənir.

Sürücü Zamiq isə deyir ki, qiymətlər artıb deyə indi işləmək nisbətən sərfəlidir. O, eyni vaxtda həm “Uber”, həm “855” taksi xidmətləri ilə əməkdaşlıq edir. Deyir ki, iki telefonu var, hansı şirkət daha münasib sifariş verirsə, onu qəbul edir:
“İndi adi taksilərlə böyük fərqimiz qalmayıb. Mümkün də deyil. Hamımız bu ölkədə yaşayırıq, hamımız hər gün eyni marketlərdən evimizə bazarlıq edirik. Necə ola bilər ki, mən su qiymətinə xidmət göstərim, müştəri udsun, sürücü ac-yalavac, qəpik-quruş qazanıb evinə getsin? Sadəcə, bir müddət şirkətlər camaatı şirnikləndirdilər, həm də firmalar bir-biri ilə rəqabətə girdilər. Elə fikirləşirdilər ki, hansı şirkət digərlərindən daha ucuz təklif versə, bazarda birinci yeri tutacaq. Belə olmadı. Sürücü narazılıq edir, 2 manata müştəri daşımır. Bu məsələləri nəzərə almadılar. Ona görə tədricən qiymətləri qaldırmalı oldular. Yəni, ənənəvi taksilər də ciddi bir fərq yoxdur”.

Banklardan birində çalışan Famil isə söhbətində danışır ki, “Bolt” onlayn taksi şirkəti ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, ayda 700 manat maaş alır, di gəl, aldığı məvacib ailəsini dolandırmağa çatmır:

“İki uşağım var, səhər 9-dan axşam 6-ya kimi ofisdə oluram, əlavə gəlirim də yoxdur. 700 manatla Bakıda sürünmək, güclə çatdırmaq olar. Hamının xərcləri var. Ona görə də axşam 8-9-dan sonra, tıxaclar olmayanda proqramı telefonumda aktivləşdirirəm, müştəri götürürəm. Gecə 12-yə və ya 1-ə qədər işləsəm, benzin pulum çıxır, evə də 10 manat aparıram. Ayda 300 manat qazanc deməkdir, üstəgəl, maşının yağının, benzinin xərci çıxır. Bu iş elədir ki, işlədiyin bankda müdir səni işdən qovsa da, vecinə deyil, tapşırıqsız, rüşvətsiz səni taksi şirkəti işə götürür, səhərdən axşama qədər işlə, qazan.
Özü də maşının üstündə “taksi şahmatı” qoymursan, heç kim bilmir nə işlə məşğulsan, mədəni şəkildə pulunu qazanırsan”.
Qeyd edək ki, əksər taksi xidmətləri gediş haqlarını 1 manat qaldırıblar.

Emil Salamoğlu