Tribuna İnformasiya Agentliyi

Təşəkkür, cənab Prezident! Davamını gözləyirik!

17 Mart

Prezident İlham Əliyevin son qərarları cəmiyyətdə böyük mənada sevinclə qarşılanır. Detallar haqqında danışmağa ehtiyac yoxdur. Onların bir çoxunun təsiri artıq indidən az qala hər ailədə hiss olunmağa başlayıb. Bir çox qərarların, xüsusən də iqtisadi sahədəki islahatların da müsbət təsirini zamanla hiss edəcəyik. Ən azı cəmiyyət buna ümid edir. Ümid- məhz neçə il idi ki, cəmiyyət məhz bu hissdən məhrum olmuşdu. İnsanlar ümid etməyi yadırğamışdı, unutmuşdu…

Ümid, bayram əhval-ruhiyyəsi, islahat ab-havası… Son illərdə ilk dəfə Novruzu gerçək bayram kimi qarşılayırıq.

Təşəkkür, cənab Prezident! Davamını gözləyirik!

Xüsusən də məhkəmə və media sahəsində islahatların dərinləşməsini ümidlə gözləyirik. Bunlar olmadan Sizin başladığınız işin dayanıqlı olması risk altına düşəcək.

Son 100 ildə Azərbaycan həmişə Şərqin ən işıqlı, ən sağlam ölkəsi olub. Bunun belə də qalması, hətta Azərbaycanın Avropanın da ən azad, ən işıqlı ölkələrindən birinə çevrilməsi üçün hər cür potensiala malikik.

Bəzi region ölkələrinin, böyük güclərin Azərbaycanın islahatlar yoluna hər cür vasitə ilə mane olmağa çalışacağını anlayırıq. Amma Siz islahatları nə qədər daha çox dərinləşdirsəniz, Xalq da, ictimai dəstək də, azad media da, sivil dünya da sizin yanınızda olacaq!

Yolumuz işıqlı olsun!

Zahir Əzəmət
“Qaynar-Media” qrupunun rəhbəri