Tribuna İnformasiya Agentliyi

Təcrübəçinin səhvi “Google”a 10 milyon dollara başa gəldi

08 Dekabr
Təcrübəçinin səhvi “Google”a 10 milyon dollara başa gəlib. O, təlimdə şirkət üçün boş bir reklam alaraq böyük məbləğdə pul xərcləyib.
Unikal hadisə “Google”da yeni işçilər üçün keçirilən təlimlərdən birində baş verib. Təcrübəçilərdən birinin səhvinə görə, şirkət böyük xərc çəkməli olacaq.
Şirkətin Kaliforniyadakı ofisində işə yeni başlayanlar üçün “Google AdX” platformasından istifadə qaydaları haqda təlim keçirilib. Bu proqram, qlobal internet şəbəkəsində reklamların onlayn şəkildə alınması üçün nəzərdə tutulub. Beləliklə, tələbələrin biri təhsil prosesində səhv bir klik qoyaraq, ağılsız şəkildə çox reklam almaq məqsədini daşıyan müraciət göndərib.
Nəticədə müxtəlif internet resurslarında tamamilə boş reklam bannerləri ortaya çıxıb. Onlar heç bir məzmunu olmayan sarı düzbucaqlılardan ibarət olub və bu “əzəməti” görən tamaşaçıların sayı kifayət qədər çox olub. Bunlar, bütün Avstraliya və Amerika Birləşmiş Ştatlarının istifadəçiləridir. Maraqlıdır ki, şirkət bu problemi yalnız 45 dəqiqədən sonra görə bilib. Problem kəşf olunduqdan sonra təbii ki, bütün boş reklamlar silinib, lakin şirkət internet nəşrlərinə təzminat təklif etməyə məcbur olub.
Şirkət itkilərin dəqiq məbləğini gizlətməkdə davam edir. Amma reklam sahəsində olan mənbələr qeyd edir ki, itkilərin məbləği təxminən 10 milyon dollar təşkil edir.
Günahkar olan təcrübəçinin necə cəzalandığı məlum deyil. Lakin onun bu şirkətdə heç vaxt işləməyəcəyini güman etmək asandır. (bizplus.az)