Sutkada cəmi bir saat internet – yaşayış minimumu təəccübləndirməkdə davam edirbackend

Sutkada cəmi bir saat internet – yaşayış minimumu təəccübləndirməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il üçün təsdiq edilmiş yaşayış minimumunun şərti səbətinə görə, vətəndaşlar gündə 1 saat internet almaq hüququna malikdirlər. Bunun, pandemiya dövründə ölkənin onlayn təhsilə keçməsinə baxmayaraq, bir çox vətəndaşımız uzaqdan işləməsinə və ümumiyyətlə, karantinin başlanması ilə internetin milyonlarla həmvətənimiz üçün dünyaya açılan tək bir pəncərə olması dövründə olması absurd görünür.

Görəsən, Nazirlər Kabinetinin qərarı ilə bütün təhsil müəssisələrindəki tədris prosesinin məsafəli formata keçirildiyi bir ölkədə yaşayış minimumu müəllifləri vətəndaşlara gündə 1 saat internetin bəs edəcəyi qərarını verərkən, hansı məntiqə və meyarlara əsaslanıblar? Bunun mənası nədi? Sənəd hazırlayanlar hansı obyektiv hesablamalara əsaslanıblar? Bu cəfəngiyat, absurdluq diqqətimizdən kənarda da qala bilərdi, ancaq ölkədəki yaşayış səviyyəsini qiymətləndirmək üçün ən vacib vasitədən bəhs etdiyimiz AYNA vəziyyətə aydınlıq gətirməyə çalışıb.

Gündə bir saat internet – çoxdur, yoxsa az? Respondentlərin yarı çaşqınlığına, yarı gülməsinə səbəb olan bir sual. Məktəbli qızların atası Telman Orucov, bu vaxtın yalnız bir distant məktəb dərsi üçün kifayət edəcəyini deyir: “İki qızım onlayn dərs alır. Məktəb tədris proqramına görə, uşaqlar gündə internet vasitəsi ilə beş-altı dərsə qatılırlar”.

Valideynin sözlərinə görə, bu norma ailəsinin ünvanlı sosial yardım almasına mane olur.

Başqa bir vətəndaş – Zarina Adıgözəlova da iki nəvəsinin onlayn təhsil aldığını bildirir: “Virtual məktəbdə dərslər səhər 8-də başlayır və 13-ə qədər davam edir”.

Söhbətləşdiyimiz müəllimlər, şagird və tələbə valideynləri qəbul edilən bu normanı “qəribə” və “izahı mümkün olmayan” qərar hesab edirlər.

Lakin sərtləşdirilmiş karantin məhdudiyyətlərinin başlanğıcından bəri bir çox insan gün ərzində orta hesabla səkkiz və ya daha çox saat məsafədən işləyir. Operativ Qərargahın qərarına uyğun olaraq, ciddi karantin dövründə dövlət müəssisələrində işə gəlməli olan əməkdaşların sayı 30%-ə endirildi və qalan işçilər məsafədən işləməyə göndərildi.

Bənzər tədbirlər özəl sektorda və digər sahələrdə çalışan qurum və təşkilatlar üçün də tövsiyə olunur. Ancaq yaşayış minimumunun müəllifləri bundan xəbərsiz kimi görünürlər və vətəndaşları gündə bir saatlıq minimum internet istehlakı ilə kifayətləndirirlər. Bu, yalnız özəl, lakin demonstrativ bir hadisədir. Ən əsası isə, internet barədə qərar “görəsən, bu il azərbaycanlıların bütün istehlak səbəti 196 manat səviyyəsində necə hesablanıb?” sualının beyinləri qurcalamasına səbəb olur.

Azərbaycanda “Yaşayış minimumu haqqında” qanun var. Onun tələblərinə görə, minimum əmək haqqı, təqaüd və dövlət sosial yardımının məbləği yaşayış minimumu standartı ilə əlaqələndirilir. Sonuncusu isə öz növbəsində hər il Milli Məclis tərəfindən təsdiqlənir. Bunun necə təyin olunduğu yuxarıda dediyimiz sadə nümunədə görünür.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, minimum istehlak meyarları standartları köhnəlib: “İstehlak səbətinə daxil olan gündəlik internet xidmətlərinin saatı çoxdan anaxronizm halına gəlib. Mövcud meyarların müəyyənləşdirilməsinə dair qaydalar yenidən nəzərdən keçirilməlidir. Sonuncu dəfə istehlak səbəti 2014-cü ildə yenilənib”.

İqtisadçı-alim Qubad İbadoğlu da hesab edir ki, Nazirlər Kabineti 2021-ci il üçün minimum istehlak səbətinə daxil olan qida, qeyri-ərzaq məhsulları və xidmətlərə dair istifadə normalarını yenidən hesablamalıdır: “Ölkənin iqtisadi rayonlarında istehlak qiymətləri nəzərə alınmaqla, yaşayış minimumunun maya dəyərinə fərqli yanaşma tətbiq edilməlidir. Paytaxtda və kənd yerlərində yaşayış qiyməti dəyişir. Əlavə olaraq yaşayış minimumu, 5 yaşa qədər, 6 yaşdan 10 yaşa qədər və 11 ilə 15 yaş arası uşaqların yaş qruplarının ehtiyaclarına əsasən hesablanmalıdır”.

Bəli, göründüyü kimi, istehlak meyarları yenilənməlidir. Lakin ölkəmizdə istehlak səbəti yeddinci ildir ki, dəyişməz qalır.