Tribuna İnformasiya Agentliyi

Şuşanın yəhudi əsilli qəhrəmanı… FOTO

08 May

– Adın nədir?

– Albert.

– Hansı millətdənsən?

– Yəhudi.

– Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?

– Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.

– Bir vətəndaş kimi borcunu nədə görürsən?

– Gəlib torpağı qorumaqda.

– Nə qədər vuruşmağı düşünürsən?

– Müharibənin axırına kimi…

Bu dialoq çoxlarının yadındadır… Tank üstündə, gülərüz, nikbin dayanan Albert Aqarunov. Mirşahin Ağayev və mərhum Çingiz Mustafayevin hazırladığı bu müsahibə ilə onu hamı sevdi, qəhrəman olaraq tanıdı. O görüntülər efirə gedəndə mən uşaq idim. Amma nədənsə, o kadrları heç zaman unutmadIm. Sonralar jurnalist olduğum zaman öyrəndim ki, məhz Albertin qoçaqlığı sayəsində Şuşa ermənilərdən qorunurmuş. Məhz Albertin öldürüldüyü gün Şuşa ermənilərin əlinə keçib. Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu il Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert, xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Qarabağ müharibəsi başlayarkən, 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə gedir. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edir. Onun idarə etdiyi “T-72” tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. Onun tank döyüşündə bir metodu vardı ki, yoldaşları ona həmişə “yəhudi buterbrodu” deyirdilər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv etməsinə belə bir bənzətmə vermişdilər. Şuşaya hücum edilən vaxt, Albert 9 tank, 7 BMP və bir çox texnikanı məhv etdi. Ermənilər onun başına pul mükafatı qoymuşdu. Albertin sonuncu döyüşü 8 may 1992-cu ildə Şuşa uğrunda oldu. Həmin gün Azərbaycan tərəfi çox sayda şəhid verir. Albert mövqeyini dəyişərkən öz tankının düz önündə qalan əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir .

Albert Aqarunovun ailəsi hazırda İsraildə yaşayır. Bakıda olduğum vaxt, hər il mütləq mən də Milli Qəhrəmanımızın məzarını ziyarət edirəm. Hər il olduğu kimi bu gün də mərhumun qardaşı Rantik Aqarunov onun döyüş yoldaşları, yəhudi icması ilə birgə Albertin məzarını ziyarət edir. Bizimlə söhbət zamanı Rantik Aqarunov bildirir ki, ailənin sonbeşiyi olan Albert çox sakit, mehriban uşaq olub. Hamı ilə nəzakətli davranışına görə qonşular onu xüsusilə sevərdilər. Qəlbi uşaq kimi kövrək idi. Bəlkə də elə bu səbəbdən bir qədər böyük yaşda bacı-qardaşlarının uşaqlarının nazı ilə oynamaqdan, onlara maraqlı hekayələr danışmaqdan zövq alardı. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Hətta musiqi məktəbində nəfəs aləti – truba sinfini bitirmişdi.

Lakin gələcək karyerasını, həyatını musiqiyə bağlamaq fikri yox idi. Yeniyetmə yaşlarından zəhmətkeş olub. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edib. Amma bu, onun dostlarına da zaman ayırmasına, onlarla əylənməsinə mane olmurdu. Çünki, Albert kifayət qədər açıq, ünsiyyətçil, eyni zamanda olduqca sadə biri idi, arzuları kimi. Həyatdan tək istəyi adi insan xoşbəxtliyi, uğurlu işi və doğulub-böyüdüyü ailəsi kimi ailəyə sahib olmaqdı.

Qardaşı Rantikin sözlərinə görə, onun yeganə sevmədiyi, ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi. Bəlkə elə buna görə də Albert ailəsi ilə birlikdə İsrailə getmir və Azərbaycan ordusu sıralarına yazılmaq qərarına gəlir.

O, aqressiyadan qana susayan ermənilərə qarşı öz yaşadığı torpağı müdafiə etmək istəyirdi. Və son ana qədər də müdafiə edir … İndi Albertin ailə üzvlərinin yeganə təsəllisi onun xatirəsinin Azərbaycan xalqı, dövləti tərəfindən yüksək dəyərləndirilməsidir. Oxuduğu və hazırda da adını daşıdığı məktəbdə tez-tez Albertin anımına həsr olunmuş xatirə tədbirləri keçirilir. Hər il olduğu kimi bu gün də Alberti tanıyanlar,onun məzarını ziyarət edib, əziz xatirəsini yad etdi. Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qarabağ şəhidi, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.

NÜŞABƏ

TİA.AZ