ŞUŞA BƏYANNAMƏSİNİN BİR İLİ: DEPUTAT GEOPOLİTİK QARŞIDURMADA TARİXİ SƏNƏDİN ƏHƏMİYYƏTİNDƏN DANIŞDIbackend

ŞUŞA BƏYANNAMƏSİNİN BİR İLİ: DEPUTAT GEOPOLİTİK QARŞIDURMADA TARİXİ SƏNƏDİN ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Azərbaycan arasında imzalanmış tarixi Şuşa bəyannaməsinin bir ili tamam olur. 2021-ci il, 15 iyunda iki qardaş ölkələrin liderlərinin Şuşada imzaladığı sənəd müttəfiqliyin daha da yüksəlməsidir. Bu bəyannamənin əhəmiyyəti haqda TİA.Az-a danışan millət vəkili Məşhur Məmmədovun sözlərinə görə, ötən bir il ərzində Türkiyə – Azərbaycan qardaşlığı, müttəfiqliyi daha da inkişaf edib: “Biz bu yaxınlaşmanı Bakıda keçirilən möhtəşəm Texnofestlə bir daha gördük. Hər iki ölkənin “şahin”ləri Bakı səmasında qürurverici uçuşlar etdi, mənzərələr yaratdı. Cənab Ərdoğanın Bakıya gəlişi və festivalda iştirakı, cənab İlham Əliyevlə birgə verdikləri açıqlamalar dünya ictimaiyyətinə bir siqnal idi. Bununla bir daha iki qardaşın bərabər olduğu nümayiş etdirildi. Ümumiyyətlə, Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik günbəgün yüksəlməkdədir. Bunu birgə təlimlər, Türkiyə müdafiə naziri Hulusi Akarın bəyanatları da təsdiqləyir”.

M. Məmmədov hesab edir ki, Şuşa bəyannaməsi ilə bu müttəfiqliyin yüksələcəyi gözlənilən idi: “İmzalanmış tarixi sənəddə qeyd olunur ki, ölkələrdən birinin ərazi bütövlüyünə təhdid digərinə təhdid kimi qiymətləndiriləcək. Bu da bizi bir sıra təsirlərdən, regional və qlobal təhlükələrdən qoruyur, sığortalayır. Təbii ki, Ordumuz qüdrətlidir, güclüdür, bütün təhlükələri dəf etmək imkanına malikdir, lakin bizə qarşı olacaq hər hansı təhdid Şuşa bəyannaməsinə əsasən, bundan sonra həm də Türkiyəyə hədə sayılacaq və qardaş ölkənin müdaxiləsinə səlahiyyət verəcək. Bu, regionda Azərbaycana böyük dəstəkdir. Ona görə bir ili yaxınlaşan Şuşa bəyannaməsi həm də qardaşlıq əhdidir”.
Deputatın fikrincə, Azərbaycanın dərdi Türkiyənin dərdidir, Türkiyənin ağrısı bizim ağrımızdır: “İki qardaş bir bədəndə iki can, iki ürəkdir. Şuşa bəyannaməsi iki qardaşın gücünə güc qatan tarixi sazişdir. Burada müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, dərin erudusiyası, yüksək analiz qabiliyyəti və dünyadakı prosesləri diplomatik şəkildə qiymətləndirmə bacarağı xüsusi qeyd olunmalıdır. Ona görə Şuşa bəyannaməsi yerində və zamanında imzalanan bir sənəddir və bunun töhfəsini gələcək nəsillər daha çox görəcək, əhəmiyyətini onlar daha yaxşı anlayacaqlar”.

TİA.Az