Sürüşmə zonasında bina tikilir? – “Yeni İnşaat” MMC-nin adı hallanırbackend

Sürüşmə zonasında bina tikilir? – “Yeni İnşaat” MMC-nin adı hallanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yasamal rayonu, Alatava qəsəbəsi, Moskva prospekti 8 ünvanında qanunsuz bina tikintisinə başlanıb.

Belə bir iddia ilə AFN-ə həmin ünvanda yerləşən “Main” Yaşayış Kompleksinin sakinləri bildiriblər. Sakinlərin sözlərinə görə, yeni binanın tikintisi birbaşa yaşayış kompleksinin qarşısında aparılır. Həmin ərazi isə sürüşmə zonasındadır.
Xatırladaq ki, Beynəlxlaq Avtovağzalın yaxınlığında yerləşən yaşayış kompleksinin sürüşmə səbəbindən təhlükədə olması haqda bir neçə il əvvəl mediada geniş yazılar dərc edilib. Kompleks hələ inşa olunan vaxtı ərazidə sürüşmə baş vermişdi və bu səbəbdən də tikinti müəyyən müddət dayanmışdı. Lakin sonradan sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən kompleksin tikintisi aparıldı və sakinlərə təhvil verildi. İndi həmin ərazidə yenidən bina tikilməsi mövcud təhlükəli durumu daha da ağırlaşdırır.
“Main” Yaşayış Kompleksi hər biri 23 mərtəbəli olan 12 binadan ibarətdir. Kompleksin həssas zonada olduğunu nəzərə alsaq, artıq kifayət qədər yüklənmə var. Hətta sakinlərin sözlərinə görə, durum o həddədir ki, sürüşmə ilə əlaqədər suvarma olmasın deyə, hər tərəf asfaltla döşənib: “Baxmayaraq ki, kompleksin ərasizi çox genişdir, həyətdə hec bir yaşıllıq yoxdur. Biz sakinlər mənzil aldığımız zaman layihədə kompleksin rəhbəriliyi tərəfindən sakinlərin rahatlığı və sağlamlığı üçün park, stadion, uşaq meydançası göstərilmişdir. Amma bunların heç biri olmadı, dedilər təhlükəlidir. İndi bunlar üçün nəzərdə tutulan ərazidə bina tikirlər. Deyilənə görə, 14 mərtəbəli yaşayış binası olacaq. Bu, bizi ciddi narahat edir. Əvvəla, təhlükəsizlik baxımından, ikincisi isə layihədə göstərilən park, stadion və uşaq meydançası ləğv olunur. Digər tərəfdən, binanın tikilməsi ilə əlaqədar olaraq mərkəzi yoldan kompleksə girən yol dar olduğu üçün əlavə sıxıntılar, çətiniliklər yaranacaq. Biz aidiyyatı qurumlardan xahiş edirik, bu özbaşınalığın qarşısı alınsın. Əks halda, həyatımız təhlükə altına düşəcək”.
Məsələ ilə bağlı “Main” Yaşayış Kompleksinin komendantının mövqeyini almaq istəsək də, Səbinə xanım olduqca sərt cavab verərək onu narahat etməməyimizi tələb etdi.
Mövzu ilə bağlı araşdırma apararkən sakinlər yenidən redaksiyamızla əlaqə saxlayaraq orada tikintinin “Yeni İnşaat” MMC tərəfindən başladıldığını dedilər: “0,53 hektarlıq ərazidə aypara şəkilli, iki blokdan ibarət 10 mərtəbəli yaşayış binası tikəcəklər. Şəhərsalma və Arxitektura Komitəsindən sənədlərinin olduğunu bildirirlər. Bizə deyirlər ki, ərazi əvvəldən onların şəxsi mülkiyyəti olub”.
Qeyd edək ki, AFN-in araşdırması zamanı “Yeni İnşaat” MMC-nin iki il əvvəl yaradıldığı məlum oldu. Qanuni təmsilçisi Hafiz Əsədullayevdir. 10 manatlıq nizamnamə kapitalı olan şirkət 2019-cu ilin yanvarında dövlət qeydiyyatına alınıb.
Sakinlər onu da bildirdilər ki, böyük bir layihənin icrası aparılsa da, ərazidə heç bir məlumatlandırıcı lövhə asılmayıb. Nə tikinti aparan şirkətin kimliyi, nə də tikintinin hansı əsaslarla aparıldığı haqda məlumat verilmir: “Şəhərsalma və Arxitektura Komitəsindən bizə şifahi danışıq əsasında deyirlər ki, orada tikinti aparılmasına icazə var. Bizdən soruşdular nəyə etiraz edirsiz? Dedik ki, ora sürüşmə zonasıdır, yolumuz, günəşimiz kəsilir, binanın həyəti qalmır. Bizə deyirlər ki, nə bilirsiz ora sürüşmə zonasıdır, siz ekspertsiniz? Görürük ki, bu adamların özlərinin marağı var orda tikinti getməsinə. Biz komitəyə müraciət etmişik rəsmi formada, deyiblər ki, 15 iş günü ərzində sizə rəsmi cavab veriləcək. Cavab hazırdırsa niyə gecikdirirlər? 15 günə binanın birinci mərtəbəsi tikiləcək artıq”.
Çox maraqlıdır ki, Şəhərsalma və Arxitektura Komitəsindən başqa bir mənbə sakinlərə orada yeraltı qaraj tikildiyini bildirib: “Sədrin köməkçisi ilə danışıb sakinlərdən biri, o da deyib ki, məsələ diqqətimizdədir, bizdə olan layihədə orada qaraj tikilməsi nəzərdə tutulur”.
Yazıda adı hallanan “Yeni İnşaat” MMC ilə əlaqə saxlamaq mümkün olması. İnternet resurslarında bu şirkətin heç bir əlaqə vasitəsini tapa bilmədik.
Şəhərsalma və Arxitektura Komitəsi mətbuat xidmətinin rəhbəri İdris Ramizoğlu AFN-ə açıqlamasında bildirdi ki, məsələdən xəbərdardırlar və mediaya açıqlama veriləcək.