Tribuna İnformasiya Agentliyi

Sürüşmə sahəsində müşahidələr davam etdirilir

13 Oktyabr

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında yaradılan qərargah tərəfindən Badamdar sürüşmə sahəsində növbətçilik əsasında mütəmadi müşahidələr aparılır. Hazırda sürüşmə sahəsində aktivlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Badamdar sürüşmə sahəsində oktyabrın 1-də aparılan monitorinq zamanı sürüşmə kütləsinin üzərində yeni çatların, qırılmaların, gölməçələrin və inşa edilmiş istinad divarında deformasiyaların əmələ gəldiyi müşahidə edilib. Sürüşmə sahəsinin aktivləşməsi barədə Nazirlər Kabinetinə və aidiyyəti icra strukturlarına məlumat verilib və nazirliyin əməkdaşları ərazidə növbətçilik təşkil edərək mütəmadi müşahidələr aparıblar. Ötən gün isə həmin sürüşmə sahəsində yenidən aktivləşmə qeydə alınıb və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub.

Qərargahdan verilən məlumata görə, bu gün saat 07:50-də sürüşmə kütləsi hərəkətə gələrək avtomobil yoluna tökülüb. Saat 09:00-da isə istinad divarı 5-7 metr aşağıya doğru hərəkət edib.