Tribuna İnformasiya Agentliyi

Surinamın prezidentinə 20 illik həbs cəzası verildi – Qətllərdə ittiham edilir

30 Noyabr

Surinamın prezidenti Dezi Bouterse 1982-ci ildə 15 siyasi opponentini öldürdüyü üçün 20 illik həbs cəzasına məhkum edilib.

Bu barədə “Associated Press” yazır.

Qeyd edək ki, istintaq hələ 2007-ci ildə başlamışdı. Ölkənin “ən görkəmli” vətəndaşlarından olan hüquqşünaslar, jurnalistlər, universitet müəllimləri “dekabr cinayətləri”nin qurbanı olmuşdular. Onların qətli ilə bağlı Bouters və daha 24 nəfərə qarşı ittihamlar irəli sürülüb.

Boutersenin özü hazırda Çində rəsmi səfərdədir və hələ məhkəmənin qərarını şərh etməyib. O, 2007-ci ildə  qətllərə görə “siyasi məsuliyyət” daşıdığını etiraf etmişdi  və ictimai şəkildə üzr istəmişdi. Lakin o,  cinayət baş verdiyi yerdə şəxsən iştirak etmədiyini bildirmişdi.

Həlak olanların ailələrinin vəkili Hüqo Essed bildirib ki, prezident dərhal istefa verməlidir. Surinam hökuməti isə ölkə əhalisini asayişə riayət etməyə səsləyib.

Qeyd edək ki, Bouterse 1999-cu ildə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə Niderland məhkəməsi tərəfindən 11 illik həbs cəzasına məhkum edilmişdi, lakin Surinamın qanunvericiliyinə əsasən ekstradisiya edilə bilmədiyi üçün o, cəzadan yayına bilmişdi.