Suraxanıda 15 ailənin həyatı təhlükədədir: RİH deyir Mehriban Əliyevaya müraciət edin – VİDEObackend

Suraxanıda 15 ailənin həyatı təhlükədədir: RİH deyir Mehriban Əliyevaya müraciət edin – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonu Xanlar Ələkbərov 43 ünvanında yaşayan sakinlər şikayətçidirlər. Belə ki, AFN-in məlumatına görə, qeyd edilən ünvanda təxminən 15 ilə yaşayır və onların həyatı hazırda ciddi təhlükə altındadır.

Saytımıza müraciət edən sakinlər bildirirlər ki, bina qəzalı vəziyyətdədir, bundan aidiyyatı dövlət qurumları da məlumatlıdır: “Bizim bina təcili sökülməli olan binaların siyahısındadır. Bizdə olan məlumata görə, bir neçə il əvvəl köhnə icra başçısının vaxtında həmin bina plana sökülmüş kimi salınıb. Hazırda həmin ünvan rəsmi siyahıda yoxdur. Məsələ ondadır ki, bizim binanın arxasındakı bina da qəzalı vəziyyətdə idi və ora artıq sökülür. Hansı ki, o bina bizimkinə bitişikdir və daha yaxşı vəziyyətdə idi. Üstəlik, ordan əvvəl bizim binaya gəlib baxıb sökülmək qərarı vermişdilər. O söküntü isə bizdəki ağır durumu daha da ağırlaşdırıb. Biz isə qəzalı vəziyyətdə yaşayırıq. İndi deyilənə görə, Qaraçuxurda başqa binaların söküntüsünə başlanıb. Hara ki, yeni bina tikmək üçün əlverişlidir oranı sökürlər”.
Sakinlər bildirirlər ki, bir dəfə Bakı Şəhər İcra Hakimiyyətindən, bir dəfə isə Suraxanı Rayon İcra Hakimiyyətindən nümayəndələr gəlib və deyilib ki, bina qəzalı vəziyyətdədir, tezliklə söküləcək. Lakin o gedən gediblər.
İkimərtəbəli binanın təxminən 2 əsr yaşı var deyir sakinlər: “Heç bir təmir-bərpa işi aparmağa icazə vermirlər. Bir pəncərədə şüşə dəyişəndə icra bir yandan, SOCAR bir yandan tökülüb gəlir. Təqdim etdiyimiz video və fotolardan da gördüyünüz kimi, uçuq-sökük tikilidə hər an ölüm təhlükəsilə üz-üzə yaşayırıq. Biz burada qanunsuz yaşamırıq, hamımızın çıxarışımız var. Suraxanı Rayon İcra Hakimiyyətinə zəng vurmuşuq, bizə deyirlər ki, o məsələ bağlanıb, hazırda planda o söhbət yoxdur. Deyirik nə edək, ölkə başçısına, Mehriban xanıma müraciət edək? Deyirlər hə, gedin hara istəyirsiz yazın. Bax belə qeyri-müəyyən, təhlükəli bir durumdayıq. Kimin ki Bakıda qohum-əqrəbası var köçüb onlarda yaşayıb müvəqqəti də olsa. Vəziyyət o qədər təhlükəlidir ki, uşaqlarımızı evdən bayıra çıxmağa qoymuruq ki, uçqun baş verər altında qalar”.

Suraxanı RİH-ə bir neçə dəfə zəng edib məsələ ilə bağlı məlumat almaq istəsək də, qurumun media ilə əlaqələrə məsul şəxsini yerində tapa bilmədik. Mövzu diqqətimizdədir.