Tribuna İnformasiya Agentliyi

Suraxanı sakinləri “Açıq mikrafon” qarşısında

23 May

Mindən artıq sakinin iştirakı ilə “Açıq mikrofon” şəraitində keçən görüşdə 30-dan artıq sakinin şikayət və təklifi dinlənilib

23 may 2019-cu il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Suraxanı rayonunun Qaraçuxur qəsəbəsiində, Neftçilər parkında rayon sakinləri ilə səyyar qəbul – açıq mikrafon formatında növbəti görüş keçirib.

Məlumat üçün bildirək ki, “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Neftçilər parkında yenidənqurma işləri aparılmış və bu il 18 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılmış, digər 2 hektarlıq sahədə isə meşə zolağı salınmış və velosiped yolları çəkilmiş, işıqlandırma işləri görülmüşdür. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınmış, trenajorlar quraşdırılmış, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə bərabər, rayonun hüquq – mühafizə orqanlarının, idarə və müəssisələrin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Bu səyyar görüş-qəbul ona dəlalət edir ki, rayon İcra Hakimiyyətinin başçısı sakinləri dinləməklə bərabər, vətəndaşların müraciətlərinə operativ münasibət bildirməyə və dərhal tədbir görməyə də hazırdır.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əvvəlcə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər barədə tam dolğunluğu ilə məlumat verib.

Mindən artıq sakinin iştirakı ilə “Açıq mikrofon” şəraitində keçən görüşdə 30-dan artıq sakinin şikayət və təklifi dinlənilmişdir. Sakinlər həllini gözləyən problemlər barədə danışmış, aktual məsələlər qaldırırmışlar.

Müraciətlər əsasən küçə və yolların asfaltlanması, işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin qurulması, sənədsiz evlərin sənədləşdirilməsi və digər mövzularla bağlı olub.

Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilmiş, müvafiq izahatlar verilmiş və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülüb.

Qeyd edək ki, bu tip səyyar görüş-qəbulların keçirilməsi sakinlərin problemlərinin öyrənilməsinə və onların aradan qaldırılmasına xidmət edir.