Suraxanı sakini Prezident və Birinci vitse-prezidenti evinə qonaq çağırdıbackend

Suraxanı sakini Prezident və Birinci vitse-prezidenti evinə qonaq çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnci Babayeva: “Qışı necə, hansı şəraitdə keçirəcəyimi düşünəndə uşaqlarıma görə qanım donur”

Suraxanı rayon Hövsankənd, M.Ş.Vazeh küç, ev 1140 sakini, iki uşaq anası Babayeva İnci Həsən qızı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya mənzil probleminin həlli ilə bağlı öz facebook profilində  daha bir açıq məktub  paylaşıb. TİA.AZ-ın xəbərinə görə, İ.Babayeva məktubunda bildirir ki, 09.09.2020 tarixində yarımtikili evinin tamamlanması ilə bağlı birinci xanıma ünvanladığı açıq məktubu mətbuatda yayımlandıqdan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları – sosial, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdürü cənab Fikrət Namət oğlu Məmmədov, onun müavini Azad Məzahir oğlu Əzizov onunla əlaqə saxlayıblar.

“İcra əməkdaşlarını evimə göndərərək, vəziyyətlə maraqlandılar. Evimin şəkilləri çəkildi, həqiqətən qış üçün şəraitsiz vəziyyətdə olduğunu gördülər. 17.09.2020 tarixində cənab Fikrət Məmmədovun qəbulunda oldum və Fikrət Məmmədov mənə məsələ üzrə araşdırma aparıldığını, mənə məlumat veriləcəyini bildirdi. Bu gün – 21.09.2020 tarixində Azad Əzizovla telefon danışığı zamanı İcra Hakimiyyətinin buna büdcəsi olmadığını dedi və əllərindən heç nə gəlmədiyini bildirdi. Mənə sadəcə evimə qaz çəkilməsi ilə bağlı ərazi qaz idarəsinə və icra nümayəndəliyinə məktub göndərəcəklərini dedilər”, – deyə Babayeva məktubunda qeyd edib.

Vətəndaş bildirib ki, evinin təmiri o halda deyil ki, təkcə qaz yandırmaqla isinsin: “İcra Hakimiyyəti evimlə bağlı əllərindən heç nə gəlməyəcəyini bildirir. Əziz birinci xanım, payız düşüb, hazırda qış belə deyil, amma mənim uşaqlarım evdə üşüyür. Azad Əzizov mənə gedib qohumlarımın evində qalmağımı məsləhət görür. Amma özü axşam evdən çıxdıqdan sonra isti və şəraitli evinə gedir. Budurmu vətəndaşa göstərilən qayğı? Mehriban xanım, qışı necə, hansı şəraitdə keçirəcəyimi düşünəndə uşaqlarıma görə qanım donur. Qızım artıq soyuqdan öskürür. Mənim oğlum 12 ildən sonra əsgər gedib xalqa xidmət göstərməyə borclu olan icra əməkdaşlarının övladını, ailəsini, özünü qoruyacaq. O zaman mənim bu günkü günümü fikirləşib, heç vicdanları sızıldamayacaq?

Əziz Mehriban xanım, sizin və cənab Prezident İlham Əliyevin son vaxtlar göstərdiyiniz səmimiyyətlə vətəndaşların evinə tez-tez qonaq olduğunuzu bilərək və buna arxalanaraq evimə qonaq dəvət edirəm. Mənim gözüm üstündə yeriniz var. Şəxsən sizin və cənab prezidentimizin gəlib evimin vəziyyətini görməyinizi istəyirəm. Xahiş edirəm, evimi şərəfləndirib, bizə qonaq gəlin, vəziyyətlə şəxsən tanış olun. Ümid edirəm ki, dəvətimi geri çevirməyəcəksiniz”.