Sumqayıtın 3 deputat kreslosuna 26 nəfər iddia edir: – Siyasətçilər, jurnalistlər və işsizlərbackend

Sumqayıtın 3 deputat kreslosuna 26 nəfər iddia edir: – Siyasətçilər, jurnalistlər və işsizlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə bir aydan az vaxt qalıb.

Seçkilərə böyük maraq var. Namzidələrin qeydiyyat prosesi davam edir. Yanvarın 17-dən sonra namizədlərin təbliğat-təşviqat kampaniyası başlayacaq. Paytaxt Bakı ilə yanaşı digər böyük şəhərlərdə də parlament seçkilərinə ciddi hazırlıq gedir.

Maraqlıdır, Sumqayıtda indiyə qədər deputatlığa namizədliyi qydə alınanlar kimlərdir?

TİA.AZ  Mərkəzi Seçki Komissiyasının saytına istinadən Sumqayıtı təmsil edən 3 seçki dairəsi üzrə namizədliyi qeydə alınan şəxslərlə bağlı məlumatı təqdim edir.

41 saylı Sumqayət Birinci Seçki Dairəsindən 29 nəfər namizədliyə iddialı olsa da, onlardan 8-i qeydə alınıb. Həmin dairədən namizədliyi qeydə alınanlar bunlardır: 1981-ci il təvəllüdlü Elnur Hidayət oğlu hüquqşünasdır, “Ata Hüquq” MMC-nin rəhbəridir. 1980-ci il təvəllüdlü Elman Telman oğlu Cəfərov Azərbaycan Dövlət İqtisad Universiteti Marketinq və Kommunikasiya Departamentinin Yaradıcılıq Mərkəzinin müdiridir. 1954-cü il təvəllüdlü Tahir Yunis oğlu Əliyev təqaüdçü hüquqşünasdır. Yeni Azərbaycan Partiyasından namizədliyini irəli sürmüş 1955-ci il təvəllüdlü Hicran Kamran qızı Hüseynova Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (seçki prosesində iştirak etdiyi üçün səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb-müəll.) rəhbəridir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından namizəd olmuş 1971-ci il təvəllüdlü Nəsimi Vələd oğlu İsayev Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 1963-cü il təvəllüdlü Əli Məmməd oğlu İskəndərov təqaüdçü hüquqşünasdır. 1975-ci il təvəllüdlü Vasif Rafail oğlu İsmayılov Azərbaycan Tibb Universitetinin assistenti, həkimdir. 1991-ci il təvəllüdlü Murad İlqar oğlu Rəhimli ekoloqdur.

42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən 22 nəfər namizədliyə iddialı olsa da, onlardan 7-i namizədliyi qeydə alınıb. 1959-cu il təvəllüdlü Ceyran Allahyar qızı Həsənova Sumqayıt Regional Mədəniyyət İdarəsində məsləhətçi kimi çalışır. 1984-cü il təvəllüdlü Tural Həsən oğlu İbrahimov “Archimet” MMC-nin direktoru, iqtisadçıdır. 1968-ci il təvəllüdlü Elşad Vaqif oğlu İsrafilov işsizdir. Namizədliyi Böyük Quruluş Partiyasından (BQP) irəli sürülmüş 1966-cı il təvəllüdlü Kərim Məmməd oğlu Kərimov sahibkardır. 1978-ci il təvəllüdlü Elçin Məmməd oğlu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəridir. Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş 1977-ci il təvəllüdlü Tahir Famil oğlu Mirkişili Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvüdür. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) irəli sürülmüş 1959-cu il təvəllüdlü Elbrus Səlim oğlu Şirinov “E.T.L Company” MMC-nin baş direktorudur.

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən 20 nəfər Milli Məclisə namizədliyini irəli sürsə də, onlardan 11-i qeydə alınıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) namizədliyi irəli sürülmüş 1957-ci il təvəllüdlü Akif Əlif oğlu Bayramov Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiridir. Azərbaycan Demokrat Partiyasından (ADP) namizədliyi irəli sürülmüş 1971-ci il təvəllüdlü Xaliddin Baloğlan oğlu Cahangirov işsizdir. Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş 1982-ci il təvəllüdlü Emin Məcid oğlu Hacıyev Rusiya Federasiyası Gənclər və Uşaq Birlikləri Milli Şurasının İdarə Heyətinin üzvüdür. 1987-ci il təvəllüdlü Ramal Mahmud oğlu İsmayılov işsizdir. 1964-cü il təvəllüdlü İkram İsrayıl İsrafilov işsizdir. Ana Vətən Patiyasından (AVP) namizədliyi irəli sürülmüş 1977-ci il təvəllüdlü Səbinə Aqil qızı Kərimova “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədridir. 1983-cü il təvəllüdlü Emil Əbülfət oğlu Məmmədli işsizdir. 1974-cü il təvəllüdlü Əli Tariel oğlu Nağıyev “LL MED” MMC və Apifitoterapiya Mərkəzinin rəhbəri, psixoterapevtdir. 1981-ci il təvəllüdlü Kəramət Salam oğlu Salahov işsizdir. 1981-ci il təvəllüdlü Bəhruz Natiq oğlu Salmanov Xəbərlent.az saytının baş redaktorudur. 1991-ci il təvəllüdlü Şərif Əhliman oğlu Xasiyev də jurnalistdir və işsizdir.

Ümumilikdə, Sumqayıt üzrə hələlik 26 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Göründüyü kimi, namizədlər arasında tanınmış siyasilər, QHT təmsilçiləri, jurnalistlər, həkimlər, jurnalistlər, hətta işsizlər də var.
Cebhe.info