Tribuna İnformasiya Agentliyi

Sumqayıtda “zavod çörəyi” bahalaşacaq – AÇIQLAMA

11 Yanvar

Son vaxtlar unun qiymətində artım müşahidə olunur. 50 kiloqramlıq kisədə 2-3 manat artım var. Belə ki, 4 ay əvvəl 50 kiloqramlıq unun qiyməti 20 manat 60 qəpik idisə, hazırda 24 manat 60 qəpiyə təklif olunur.

Sumqayıtda da unun qiymətində bahalaşma var. Alıcıların dediyinə görə, 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manat 50 qəpik – 3 manata yaxın artım müşahidə edilir.

Satıcılar isə qiymət artımını un firmalarının üzərinə atırlar, məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını deyirlər.

Ekspertlər isə hesab edir ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib. Yəni unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımı göstərilir.

Bəllidir ki, Azərbaycanda ərzaq buğdası xaricdən idxal olunur. Dünya bazarında unun qiyməti qalxdığına görə, bu daxili bazara təsir edir. Unun bahalaşmasına səbəb də budur.

Sumqayıtda "zavod çörəyi" bahalaşacaq - AÇIQLAMA

 

İqtisadçı Natiq Cəfərli Xeberle.com-a bildirib ki, unun qiymətinin qalması çörəyin qiymətinə də təsirsiz ötüşməyəcək: “Çörəyin maya dəyərinin əsas hissəsini un təşkil etdiyi üçün istər-istəməz bu bahalaşma çörəyin qiymətinə mütləq təsir etməlidir. Amma Azərbaycanda belə bir ənənə formalaşıb ki, həmişə belə hallarda çörəyin qiymətini qaldırmağa bir az çəkinirlər, çünki bu bir az sosial məsələ olduğu üçün insanlarda ciddi etiraz doğurma ehtimalı yüksək olur. Bu səbəbdən dolayı istehsalçılar çəki ilə oynayırlar. Çəkidən müəyyən azalmalara getməklə unun qiymətindəki artımı kompensasiya etməyi düşünürlər. Lakin bu da bir yerə qədərdir, yəni çörəyin özünün formasını alması, ən azı bişməsi üçün, görüntü olaraq da cəlb edici olması üçün unu azaltmaq mümkün deyil. Çəkini azaltmaqla keyfiyyət aşağı düşür. Ona görə də, çəkidə azaltmaqla kompensasiya etmək mümkün olmadıqda artıq, istehsalçı məcburdur ki, çörəyin qiymətini artırsın.”

Sumqayıtda istehlakçıların ən çox istifadə etdiyi “zavod çörəyi”nin də qiymətinin qalxacağı gözlənilir.

Sumqayıt Çörək Zavodundan Xeberle.com-a verilən açıqlamada çörəyin qiymətinin artacağının istisna olunmadığı deyilib. O, da bildirilib ki, çörəyin çəkisinin azalması ilə bağlı yayılan məlumat isə həqiqəti əks etdirmir: ” Unun qiymətinin qalxması çörəyin də qiymətinin bahalaşmasına təsir göstərəcək. Qiymət artımı olacaq. Amma nə qədər və nə vaxt olacağı ilə bağlı isə konkret bir söz deyə bilmərik”.

Qeyd edək ki, hazırda Sumqayıtda “zavod çörəyi” 40 qəpiyə satılır.