Sumqayıtda koronavirus xəstəsi dərmanları ilə xəstəxana qapılarında qalıb? -VİDEObackend

Sumqayıtda koronavirus xəstəsi dərmanları ilə xəstəxana qapılarında qalıb? –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə sosial şəbəkələrdə əlində dərmanları ilə xəstəxana qapısında qalan vətəndaşın videosu müzakirələrə səbəb olub. Hadisə Sumqayıtın koronaviruslu xəstələr üçün ayrılmış xəstəxanasında baş verib. Kadrlardan da görünür ki, vətəndaş bir torba dərmanla xəstəxnaya yaxınlaşır və analizlərinin pozitiv çıxdığı və boğulduğu üçün xəstəxanada müalicə almalı olduğunu bildirir.
TƏBİB-in Sumqayıt pandemiya xəstəxanası üzrə koordinatoru Vüsalə Yaşar videoya münasibət bildirib: “Bildiyiniz kimi, bəzi xəstələrin evdə müalicəsi mümkündür. Test nəticəsi pozitiv olan xəstə sahə həkiminin nəzarəti altında olmalıdır. Xəstə öz ayağı ilə ictimai nəqliyyatla xəstəxanaya gəlməklə hamını riskə atır. Hər xəstənin damar daxilinə iynələrlə müalicə almasına da ehtiyac yoxdur. V.Yaşar həmçinin bildirib ki, Bu xəstə belə etməklə doğru etmir, o xəstəxnaya gələrkən qonşularıyla və ictimai nəqliyyatda digər şəxslərlə təmasda ola bilər. Və bununla da bir çox insanı yoluxdurması mümkündür. COVID-19 testi pozitiv olan şəxsin vəziyyəti dəyərləndirilir, ağır və orta ağırlıqda olan pasiyent xəstəxanalara yatırılır və müalicəsini orada stasionar şəraitdə alır. Nisbətən yüngül olan xəstələr isə sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır. Bu vətəndaşa da deyilib ki, sahə həkimi koordinasiya edəcək, lakin o kiməsə müalicə yazdırıb. Təbii ki, bu yanlışdır və yolverilməz hərəkətdir. O, öz sahə həkimi tərəfindən nəzarətdə olmalıdır. Xəstə deyə bilər ki, mən boğuluram, lakin qeyd edim ki, boğulan xəstə ayaq üstə durub gəzə bilməz və bu mümükün də deyil. Xəstəyə psixoloji olaraq elə gələ bilər ki, boğulur, lakin xəstənin ümumi vəziyyətinə baxarkən onun normal vəziyyətdə olduğu bilinir.
Birmənalı şəkildə belə xəstə evindən çıxıb marketə, aptekə gedib dərman alıb gəzə bilməz, çünki bununla başqalarının da sağlamlığını riskə atmış olur. Ona görə də qeydiyyatda olduğu ərazi üzrə sahə həkimləri tərəfindən nəzarətə alınmalıdır. Xəstəxanalarda yer yoxdur, vaxtında hər kəsə deyildi ki, özünüzü qoruyun, sosial məsafəni gözləyin. Yoluxma sayı artıqca xəstəxnalarda yer məhdudiyyəti yaranır və belə olan halda da məcburuq yalnız ağır xəstələri qəbul edək. Və bu dəqiqə həmin vəziyyətdir, yalnız ağır xəstələri qəbul edə bilirik. Vətəndaşın söylədiyi “Get boğulanda gələrsən” deməsi də təhrif olunmuş formadadır. Çünki heç bir sahə həkimi xəstəyə elə deməz, o, hiss etsə ki, xəstənin vəziyyəti həqiqətən ağır və ya orta ağırdır məlumat verilir və pasiyent xəstəxanaya yerləşdirilir”, – deyə V.Yaşar bildirib.
Mövcud məsələyə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova isə Xeberle.com-a açıqlamasında qeyd edib ki, bu adda nə Sumqayıtda, nə də ki, Bakıda pozitiv nəticələri olan vətəndaş yoxdur: “Biz ünvanını bilmək istədik ki, harada yaşayırsa məsələni yerində aydınlaşdıraq. İlk növbədə onu deyim ki, kənardan alınan dərmanlarla covidli xəstələr müalicə alan xəstəxanada müalicə aparılmır, içəri yalnız 103 saylı Təcili və Təxirəsalınmaz Stansiyanın maşınları ilə gətirilən xəstələr daxil olunur. Xəstəxana kifayət qədər dərman preparatı ilə təmin olunub, heç bir əlavə dərmanlara ehtiyac yoxdur. Xüsusi hallarda yanaşı xəstəlikləri olan pasiyentlər öz müalicə həkimlərinin təyin etdikləri dərman vasitələrini evdən gətirə bilərlər. Digər hallarda covid xəstələrinin müalicəsi üçün lazım olan bütün dərmanlar dövlət tərəfindən təmin olunub”.