Tribuna İnformasiya Agentliyi

Sumqayıtda iki gəncin müəmmalı aqibəti

01 May

İtkin düşən gənclərdən iki həftədir ki, xəbər yoxdur

Sumqayıtda bu il aprelin 18-dən itkin düşən 15 yaşlı Adil Cəbiyev və 17 yaşlı Nüsrət Nəzərovdan hələ də heç bir xəbər yoxdur. Onların dənizdə batdıqları ehtimal olunsa da, bu vaxta qədər sudan meyitləri də tapılmayıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, axtarışlar FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Axtarışlara Nazirliyin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri də cəlb olunub.

İlkin olaraq Xəzər dənizinin Sumqayıt sahil hissəsində həyata keçirilən axtarışlarda bir nəticə olmasa da, onların tapılacaqlarına ümidlər ölməyib. İtkin düşən şəxslər idmançı olublar. Yayılan məlumatlarda bu da qeyd olunur ki, onlar dənizə məhz rezin qayıqla məşq etmək üçün yollanıblar. Lakin indiyədək haqqında danışılan qayığın da qalıqları tapılmayıb.

Gənclərin itkin düşdüyü tarixə nəzər salsaq həmin günlərdə Abşeron yarımadasında hava küləkli olub. Eyni zamanda aprel ayı ümumilikdə soyuq və küləkli keçib. Bu isə onu deməyə əsas verir ki, əgər gənclər dənizdə itkin düşüblərsə və ya sağ olaraq hansısa adaya çıxıblarsa, sağ qalma ehtimalları yüksək deyil.

Məsələ ilə bağlı bakıpost.az saytı Hərbi Vətənpərvərlik Klubunun rəhbəri, ehtiyatda olan zabit Abuzər Əbilovu danışdırıb. A. Əbilov bildirib ki, onları dənizə girəndə görüblər: “Lakin əvvəlcə polis araşdırma apardı, cürbəcür fərziyyələr irəli sürüldü. Biri dedi ki, qaçıblar, hardasa gizləniblər. Biri dedi, radikal silahlı qruplaşmalara qoşulublar. Amma bu, ağlabatan deyil. Çünki Azərbaycanın ərazisində radikal silahlı qruplar yoxdur. İkincisi, xaricə çıxa bilməzlər, çünki xarici pasportları yoxdur. Sərhədi keçmələri də mümkünsüzdür. Yoxsa tapardılar. Ona görə yalnız dəniz versiyası qalır. O da ki, əgər bu vaxta kimi hansısa adaya düşməyiblərsə, quruya çıxmayıblarsa, yəqin ki, məhv olublar. Çünki bu qədər vaxt açıq dənizdə qayıqla sağ qalmaq qeyri-mümkündür”.

A.Əbilov onu da bildirib ki, gənclər qışda dənizdə çimirdilər, uzaq məsafəyə üzürdülər: “Qayıqla çıxırdılar. Onların professional qayıqları, qoruyucu jiletləri və hər cür hazırlıqları var idi. Onların qayığı professionaldır. Yəni, batma, deşilmə ehtimalı sıfırdır”.

“Yeni Müsavat” məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxlayıb. İcra hakimiyyətindən bildirildi ki, müvafiq qurumlar tərəfindən axtarışlar aparılır. Lakin gənclərin harada itkin düşmələri ilə bağlı konkret məlumat mövcud deyil.

Gənclərin alpinist olduqları söylənilsə də öyrəndik ki, onlar sadəcə olaraq həvəskar kimi dağa çıxıblar. Yəni heç də peşəkar alpinist olmayıblar.