Sumqayıtda gənc qadından kişiyə qarşı dəhşətli əməl – TƏFƏRRÜATbackend

Sumqayıtda gənc qadından kişiyə qarşı dəhşətli əməl – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Aysel Fasehə qarşı soyğunçuluq edib. Tia.az demokrat.az-a istinadla xəbər verir ki, Aysel 2 iyun 2021-ci ildə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Beynəlxalq Banka” aid bankomatın qarşı hissəsində əvvəllər tanımadığı Fasehin özünə aid olan kartı qeyd olunan bankomata bir neçə dəfə taxıb-çıxardığını, lakin pulun çıxarılmadığını kənardan izləyib. O, Fasehin kartında olan pulunu ələ keçirmək məqsədilə ona yaxınlaşıb və pulun bankomatdan çıxarılması ilə bağlı köməklik edə biləcəyini təklif edib.

Daha sonra Aysel kartı götürərək bankomata taxıb və hesabda 237 manat məbləğində pul olduğunu görüb. O, həmin pulun çıxarılması ilə bağlı kodu yazaraq bankomatdan həmin kartı götürüb. Sonra Fasehin fikrini yayındıraraq qeyd olunan pulu ələ keçirib.

İstintaq orqanı tərəfindən Ayselin barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aysel ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhərində, “Əşya bazarı” deyilən ərazidə yerləşən kafedə ofisant işləyir, rəsmi iş yeri yoxdur: “İyunun 2d-ə, saat 18.30-da 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka aid bankomatın yaxınlığında dayanmışdım. Təxminən 2-3 gün əvvəl yaşadığım evə gedərkən yerdən tapdığım, istifadə müddəti bitmiş Kapital Banka aid plastik kart da üstümdə olub. Bankomatın yanında dayanaraq bankomatın qarşısında pul çıxarmağa gələn hər hansı bir şəxsə bankomatdan pul çıxarması üçün köməklik etmək adı ilə ona yaxınlaşacağımı və həmin şəxsin kartını götürərək pulu bankomatdan çıxarıb, kartın sahibini aldadıb, pulunu ələ keçirəcəyimi planlaşdırdım. Nəzərdə tutduğum cinayəti planlaşdırdıqdan sonra əvvəllər tanımadığım, adını hadisədən sonra bildiyim Faseh adlı şəxsin Beynəlxalq Banka aid bankomatın qarşısında dayanaraq pul çıxarmaq istədiyini gördüm. Onun kartı bir neçə dəfə bankomata salıb-çıxartmağından hiss etdim ki, bankomatdan pulu çıxarmağa çətinlik çəkir. Ona yaxınlaşdım, köməklik edə biləcəyimi bildirdim. Faseh də təklifimi qəbul etdi, kartı mənə verdi. Kartı Fasehdən aldım və kodunu ondan öyrəndim. Sonra kartı bankomata taxaraq kodu yazdım və əməliyyat apardım. Kartın balansında 237 manat olduğunu gördüm. Həmin pulu ələ keçirməyi qərara aldımr. Kartın sahibi Faseh adlı şəxs də yanımda oldu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, əməliyyat apardığını görməsin deyə Fasehi bankomatın monitorunun qarşı hissəsinə keçirib: “237 yazılan rəqəmləri sıxdım, bankomatdan Fasehin kartı çıxdıqdan sonra bankomatdan pulun çıxmasını gözləmə ərəfəsində özümdə olan Kapital Banka aid plastik kartı Fasehin diqqətini yayındırmaq üçün qəsdən bankomata yarıya qədər salıb-çıxartdım. Bankomatdan 237 manat çıxdı və pulu götürdüm. Fikirləşdim ki, özümdə olan kartın müddəti bitib, bankomata tam taxsam bankomat kartı udacaqdır, buna görə yarıya kimi taxıb-çıxartdım. Fasehə yalan olaraq bildirdim ki, həmin pul məndə olan Kapital Banka aid kartdan çıxan puldur”.

Aysel deyib ki, sonra Faseh adlı şəxdən ayrılıb: “Yolda ərim, oğlum və oğlumun dostu ilə rastlaşdım. Ərimə 120 manat verdim ki, özündə saxlasın, nə vaxt istəsəm mənə qaytarsın. Ərimə yalandan dedim ki, həmin pulu işləyərək qazanmışam. Mən də qalan pulla isə yadımda qalmayan mağazadan evimə ərzaq məhsulları aldım. Qeyri rəsmi yaşadığım Talehin həmin pulu cinayət yolu ilə əldə etməyimdən xəbəri olmayıb. Daha sonra polis əməkdaşları yaşadığım ünvana gəldi, məni 4-cü polis bölməsinə apardılar. Araşdırma zamanı istifadəyə yararsız, müddəti bitmiş Kapital Banka aid olan kartı polis əməkdaşlarına təqdim etdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fasehin sözlərinə görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Yaşma bağları, fərdi evdə ailəsi ilə birlikdə yaşayır: “Azərpak MMC-də mexanik vəzifəsində işləyirəm. Aylıq əmək haqqım 236 manat 50 qəpik maaş kartına oturur, maaşımı da Beynəlxalq Bankdan alıram. 50 qəpik pulu bankomatdan çıxarmaq mümkün olmadığı üçün elə ay olur ki, kartdan 236 manat, elə ay da olur ki, 237 manat pul çıxarıram”.

Zərərçəkmiş bildirib ki, iyunun 2-də 14-cü məhəllə ərazisində yerləşən Beynəlxalq Banka aid bankomata yaxınlaşıb və bankomatdan aylıq maaşını çıxarmaq üçün kartını bankomata taxıb: “Lakin bankomatın manitoruna günəş işığı düşdüyü üçün monitoru yaxşı görə bilmədim və bankomatdan kartı çıxararaq təkrar taxmaq istədim. Bu zaman adını sonradan bildiyim Aysel adlı qız bankomata yaxınlaşdı. Bildirdi ki, kartını ver, sənə pulu çıxarmaqda köməklik edim. Mən də kartını ona verdim, kartın kodunu bildirdim. Mən isə bankomata baxırdım ki, Aysel pulu nə vaxt çıxaracaq. Aysel özünü bankomata yaxınlaşdırırdı. Lakin mən də monitora diqqətlə baxırdım. Gördüm ki, Aysel kartımı bankomata taxdı, kodu yazdı, kartında 237 manat pul olduğu üçün 237 düymələrini də sıxdı. Sonra onun kartı bankomatdan çıxmış, Aysel kartı götürdü. Pulum bankomatdan çıxma ərəfədə Aysel özündə olan kartı bankomata yarıya kimi taxdı, sonra kartı çıxararkən 237 manat pul da bankomatdan çıxdı. Aysel həmin 237 manat pulu götürdü və mənə yalandan dedi ki, həmin pul onun kartından çıxan puldur. Başa düşdüm ki, Aysel kartımda olan pulu ələ keçirmək üçün mənə köməklik etmək adı ilə bankomata yaxınlaşıb. Ayselin kartımdan 237 manat pul çıxardığını gördüm. Ayseldən pulumu istədim. Lakin pulumu vermədi. Pulu Ayselin əlindən dartaraq almaq istədim. 17 manatını dartaraq ala bildim. 220 manat isə Ayseldə qaldı. Ondan nə qədər pulumu tələb etsəm də, qaytarmadı. Oradan getdi”.

Faseh deyib ki, Ayselin barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. Qeyd edib ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilib, ona qarşı heç bir şikayəti yoxdur.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Aysel 7 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Aysel məhkəmə zalından azad edilib. Onun cəzasının yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb.

Ayselin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ünvanı tərk etməmək, Abşeron rayon, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulub.

Bu cəzanın icrası üçün ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.