Sumqayıtda dayı əxlaqsız ifadələr işlədən bacısı qızını döydü – TƏFƏRRÜATbackend

Sumqayıtda dayı əxlaqsız ifadələr işlədən bacısı qızını döydü – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Əmir şəxsi münasibətlər zəminində bacısı qızı Firuzəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əmir bu ilin avqustun 12-də, saat 17.30-da yaşadığı evdə onunla birgə yaşayan bacısı qızı Firuzə ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Bu zaman Əmir yumruqla Firuzəni döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Əmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhəri 6-cı mikrorayonda ailəsi ilə birgə yaşayır: “Həmçinin bacım Səma, onun qızı Firuzə və azyaşlı oğlu Rəşid də bizimlə birlikdə yaşayır. Bacım qızı mobil telefondan həddən artıq çox istifadə etdiyindən ona bir çox hallarda iradımı bildirmişəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, avqustun 12-də evdə olarkən bacısı qızı mobil telefonla kiminləsə danışaraq əxlaqsız ifadələr işlədib: “Mən də öz iradımı bildirsəm də, bacım qızı mənə cavab qaytardığından əlim ilə onun sifətindən bir neçə dəfə vurdum. Həmin vaxt evdə olan bacım bizi ayırdı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Firuzənin sözlərinə görə, anası, qardaşı, dayısı və onun ailəsi ilə birlikdə yaşayır: “Dayım Əmir tez-tez evdə müxtəlif bəhanələrlə məni döyür. Avqustun 12-də evdə telefonla danışarkən dayım məndən telefonu söndürməyi tələb etdi, dava salaraq baş nahiyyəmdən bir neçə dəfə yumruq zərbələri ilə vurdu. Nəticədə xəsarət aldım”.

Zərərçəkmiş ifadəsinin sonunda dayısı ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baxılıb.

Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb.

Bu səbəbdən Əmirin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.