Sumqayıtda avtobus sürücülərindən narazılıq: Cavabdeh qurumdan qeyri-adekvat REAKSİYA(VİDEO)backend

Sumqayıtda avtobus sürücülərindən narazılıq: Cavabdeh qurumdan qeyri-adekvat REAKSİYA(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda avtobus sürücüləri iş şərtlərinin çətinliyindən şikayət edirlər.

Bu barədə şikayət sosial şəbəkələrdə paylaşılıb. Söhbət 7-7A nömrəli avtobusların sürücülərindən gedir. Sürücülər gündəlik planın yüksək – daha doğrusu 270 manata yaxın olduğundan şikayət edir.

Üstəlik avtobusların texniki cəhətdən saz vəziyyətdə olmadığı da iddialar sırasındadır. Sürücülər deyir ki, avtobuslarda kondisioner sistemi işləmədiyi üçün sərnişinlər tez-tez narazılıq edirlər. Sərnişinlərin haqlı iradlarına isə aidiyyəti üzrə qaraj müdiri laqeyd münasibət göstərir.

Sürücülər deyir ki, bu əməkhaqqı ilə ailə dolandırmaq çətindir.

Məsələ ilə bağlı Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ilə əlaqə saxladıq.

O bildirib ki, həmin avtobuslar sahibkara məxsusdur və sürücülər də müqavilə əsasında çalışırlar:

“Sahibkarlar həmin avtobusların texniki problemlərinə və digər məqamlara cavabdehdir. Bu maşınların bütün ehtiyat hissələri bahadır, Türkiyədən gətirilərək dəyişdirilir. Gündəlik sürücülərə qoyulan plan 230 manatdır. İşə çıxan sürücünün günlük əməkhaqqı 15 manatdan hesablanır. Kimi qane etmirsə, işləməsin”.

Sürücülərin digər şikayətləri ilə bağlı sualları səsləndirməyə imkan tapmadıq. Çünki T.Saydumov kobud şəkildə onun əlaqə nömrəsini kimdən aldığımızı soruşaraq, bir daha ona zəng etməməyimizi bildirdi. O, məsələ ilə bağlı qaraj rəisi Eldar adlı şəxsə, eləcə də sahibkara müraciət etməyimizi tövsiyə etdi.

Sözügedən Eldar adlı şəxsin “Sumqayıt Nəqliyyat-1” MMC-nin qaraj rəisi olduğu deyilir. Bizə verilən nömrələr vasitəsilə həmin şəxslə əlaqə saxlamağa çalışdıq. Telefona cavab verən şəxs isə Eldar olmadığını bildirərək dəstəyi asdı.

Təəssüf ki, Sumqayıt şəhərində nəqliyyat sistemində baş verən problemi aydınlaşdırmaq üçün bir nəfər məsul şəxs tapa bilmədik.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən aldığımız “Sumqayıt Nəqliyyat” MMC-nin əlaqə nömrəsinə də cavab verən olmadı.

Məsələyə aidiyyəti olmasa da, Sumqayıt Şəhər İcra Hakimiyyətinin problemə reaksiya verməsi məqsədi ilə qurumla əlaqə saxladıq. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, sürücülərin problemi kondisionerlə bağlıdır:

“Pandemiya dövründə sərnişin avtobuslarında kondisionerlər işləməyib. Uzun müddət sistem işləmədiyi üçün texniki nasazlıq yaranıb. Hazırda məsələ ilə bağlı tapşırıqların verilməsi gözlənilir”.