Sumqayıt stadionunda işlər dayandırıldı – Beş milyon manat hara getdi?backend

Sumqayıt stadionunda işlər dayandırıldı – Beş milyon manat hara getdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidən və əsaslı şəkildə təmir olunmasından xəbəriniz var. Bununla bağlı ölkə başçısı 2020-ci il üçün dövlət büdcəsindən ilkin olaraq 5 milyon manat ayrılmasına dair sərəncam vermişdi.

Geridə qalan müddətdə arenada yetərincə böyük işlər görülüb. 16 min azarkeş tutumuna malik arenanın tribunaları hazırdı və üstləri də örtülüb. Bundan başqa, ofis və idman zalları üçün nəzərdə tutulan, 4 mərtəbədən ibarət inzibati binanın tikinisi yekunlaşıb, interyer işləri tamamlamaq lazımdı. Bu ilin yayında təhvil verilməsi gözlənilən stadionun drenaj və kanalizasiya sisteminin yeniliənməsinə start verilib. Ancaq…

Bugünlərdə “Mehdi Hüseynzadə” ilə bağlı heç də xoş olmayan məlumat əldə etdim. Təsadüfən arenada çalışan işçilərdən biri ilə rastlaşdım. Harda və necə? Bu haqda ətraflı danışmağa ehtiyac duymuram. Onunla söhbət zamanı “yəqin yaya qədər işləri yekunlaşdırarsız” söyləmişdim ki, elə bil qardaşın yarasının üstünə acı bibər sürtdüm. Tikinti başlayan ilk gündən orda çalışan tanışım “bu gedişlə stadion heç ilin sonuna qədər təhvil verilməyəcək” deyib, dərindən ah çəkdi. Niyə, nə üçün? Dostum səbəbini belə izah etdi: “Artıq bir müddətdi ki, arenanın tikintisində çalışanların böyük hissəsini öz hesabına məzuniyyətə buraxıblar. Deyiblər ki, gedin, istirahət edin, lazım olanda sizi yenidən çağıracağıq. İndi o boyda arenada 5-6 adam çalışır ki, onlar da xırda-para işlər görürlər. Bildiyim qədəri ilə son mərhələni tamamlamaq üçün tikinti işini görən şirkət bankdan pul çıxara bilmir. Bu üzdən bizi məzuniyyətə göndəriblər, təmir işləri isə böyük ölçüdə dayanıb”.

Tanışımın dediklərinin nə dərəcədə düz olduğunu aydınlaşdırmaq üçün srağagün köhnə halından əsər-əlamət qalmayan, tikinti işləri tam başa çatmasa da, indiki vəziyyətində belə göz oxşayan arenaya yollandım. Stadiona əvvəlki gəlişimdə səs-küydən qulaq tutulurdu. Bir tərəfdə ağır texnika işləyirdisə, o biri tərəfdə beton tökən kim, daşı daş üstə qoyan kim. Bir sözlə, “Mehdi Hüseynzadə” qaynar qazanı xatırladırdı. Ancaq bu dəfə gördüyüm mənzərə məni üzdü. Tikinti meydançasında o qədər sakitlik idi ki, elə bil bir ay öncə səs-küydən qulaq tutulan yer bura deyildi. Ara-sıra gözümə bir neçə nəfər dəysə də, onların da cani-dildən çalışmadığı hiss olunurdu. Adamlar sanki vaxt öldürmək, 8 Mart günündə evdən qaçmaq üçün bura gəlmişdilər. Nə texnika çalışır, nə də diqqəti çəkən işlər görülürdü. Stadionun park tərəfdən girişində dayanan, özünü gözətçi kimi təqdim edən ortayaşlı qardaşa yaxınlaşıb, gəlişimin məqsədini söylədim. Adını deməyən gözətçi məni yuxarıdan aşağıya qədər diqqətlə süzüb, “rəhbərlikdən heç kim yoxdu, sizi içəri buraxa bilmərəm” söylədi. “Rəhbərlik yoxdu, sən ki burdasan” deyib, qardaşa dayanmadan suallar verməyə başladım.

– Nə üçün bu gün işçilərin sayı belə azdı?
– Nə bilim, vallah.
– Eşitdiyimə görə, çoxlarını öz hesabına məzuniyyətə göndəriblər. Düz söhbətdi?
– Nə deyim? İki gün istirahət, bu gün də bayram. Bəlkə də bu səbəbdən işə çıxanların sayı azdı.
– Başqa günlərdə də onların sayı belə az olur?
– (qardaş artıq danışmaq istəmir) Onları bir-bir saymıram ki… Mənim işim başqadı. Yaxşı, sağ olun, mən gedim.

Həmsöhbətim məndən uzaqlaşıb, sağa-sola baxa-baxa öz yerinə getdi. Mən isə geniş məlumat əldə edə bilmədən, əli ətəyindən uzun geri dönməli oldum. Ancaq görünən o idi ki, “Mehdi Hüseynzadə”də işlər əvvəlki templə getmir, iş görənlərin sayında da kəskin azalma var.

Məsələ ilə bağlı qəhrəman partizanın adını daşıyan stadionun direktoru Nadir Quliyevlə əlaqə saxladım. Nadir bəy işçilərin öz hesabına məzuniyyətə buraxıldığını təsdiqlədi: “Maliyyə ilə bağlı stadionda çalışanların çox hissəsi bu ayın sonuna kimi öz hesabına məzuniyyətə göndərilib. Bu il üçün stadionun tikintisinə ayrılan vəsaiti bankdan götürə bilmədiyimizdən bu addımı atmalı olduq. Ötən ilin müvafiq dövründə də belə hal yaşanmışdı. Aprelin 1-dən bütün işçilər geri dönəcəklər. Stadionun yenidən qurulması ölkə başçısının nəzərəti altındadı. İnşallah, obyektin planlaşdırılan vaxtda istismara veriləcəyini gözləyirik”.

Mənbə: “Futbol+”