Sumqayıt sakinləri təhlükəylə üz-üzə – Sahibli və sahibsiz itlər problemə çevrilib – VİDEObackend

Sumqayıt sakinləri təhlükəylə üz-üzə – Sahibli və sahibsiz itlər problemə çevrilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son vaxtlar Sumqayıtda sahibsiz itlər həddən artıq çoxalıb. Sürü halında mikrorayonlarda, binaların həyətində, parklarda, küçələrdə, ictimai yerlərdə itlərin əlindən nəinki, məktəblilər, hətta böyüklər də çəkinir.
 
İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalırlar.
 
Sumqayıt şəhər sakinləri Bakupost.az -a şəhərdə sahibsiz itlərin yaratdığı təhlükə ilə bağlı şikayət ediblər.
Sakinlər deyirlər ki, onlar nə gündüz, nə də gecə vaxtı çölə çıxa bilirlər:
“Küçə itləri gecə vaxtı sürü halında daha təhlükəli və aqressiv olurlar. Buna görə Sumqayıtda gecə vaxtı çölə çıxmağı qəhrəmanlıq saymaq olar. Sumqayıtda il ərzində it dişləməsi çox baş verir. Bu məsələ yalnız ölüm faktı olduqda gündəmə gəlir. Bir neçə il əvvəl Sumqayıtda 10-cu mikrorayon ərazisində it dişləməsindən 20 gün sonra 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı quduzluq nəticəsində vəfat edib. O, xəstəxanaya yerləşdirilsə də, xilas etmək olmayıb. Hücum edən it onu üz və alın nahiyəsindən dişləyib. Bundan başqa bir nəfər kişi də itlərin hücumuna məruz qaldığı üçün ölüb. Sumqayıtda insan həyatı, əsasən də azyaşlılar üçün təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulub ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarlarda yerləşdirilməlidir”.
Şikayətçilər qeyd ediblər ki, Sumqayıtda sahibsiz küçə itlərindən başqa, sahibli itlər də narahat edir:
“İctimai yerlərdə, küçələrdə it gəzdirən cavan oğlanların, qızların sayı artıb. Köpək itlərinin parklarda gəzdirilməsi insanların istirahət hüququna mane olur, gigiyena və təhlükəsizlik baxımından narahatlıq doğurur. Çox zaman onların gəzdirdikləri itlərin ağızlığı belə olmur. İctimai yerlərdə ağızlıqsız gəzdirilməsini qadağan edən sərəncama görə qanunla cərimə də nəzərdə tutulub. Amma buna əməl edən, nəzarət edən, yoxdur.
Sumqayıt İcra Hakimiyyəti bununla bağlı bir tədbir görməlidir. Çünki icra hakimiyyətində işləyənlər də bu şəhərdə yaşayır və problemdən xəbərdardırlar”.
Məslə ilə bağlı Sumqayıt İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra Hakimiyyətindən Bakupost.az -a bildiriblər ki, məsələdən xəbərdardırlar və aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib:
“Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və ərazidən uzaqlaşdırılması işləri həyata keçirilir. Son zamanlar şəhər ərazisində sahibsiz itlərin artması sakinlərimiz üçün ciddi təhlükə yaradır. Bunu nəzərə alaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”.
TİA.AZ
Fəridə
Baku Post