“Sumqayıt”ın kapitanı: “Şkendiya” ilə matçda canımızı qoymalıyıq”backend

“Sumqayıt”ın kapitanı: “Şkendiya” ilə matçda canımızı qoymalıyıq”

“Uzun fasilədən sonra rəsmi matça çıxmaq hər bir futbolçu üçün çətindir. Çempionatın ilk turunda “Keşlə”yə uduzmaq istəməzdik”.

Bu fikirləri “Report”a açıqlamasında “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının I turunda “Keşlə”yə evdə 0:1 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.

32 yaşlı müdafiəçi bəxtlərinin gətirmədiyini bildirib. Hüseynov komanda yoldaşı Rəhim Sadıxovun penaltini dəqiq yerinə bilmədiyini xatırladıb: “Penaltidən qol vura bilsəydik, hesab başqa cür olardı. Artıq bu matçı unutmuşuq, Avropa Liqasına köklənirik”.

Təcrübəli oyunçu Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə matç barədə də fikirlərini bölüşüb: “Rəqib avrokubok təcrübəsi olan komandadır və güclüdür. Şimali Makedoniya çempionatında ən güclü klub “Şkendiya”dır. Komanda olaraq bu matça ciddi hazırlaşırıq. Çalışacağıq ki, öz meydanımızda mərhələ keçən tərəf biz olaq. Bunu istəyiriksə, meydanın hər qarşısı üçün mübarizə aparmalıyıq. Yaxşı mənada canımızı qoymalıyıq”.

Müdafiəçinin sözlərinə görə, futbolda istənilən nəticə mümkündür: “Mərhələ keçməyi çox istəyirik. Yenə deyirəm, Azərbaycan klublarının rəqiblərinə baxsaq, ən güclüsü “Sumqayıt”a düşüb. Düşünmürəm ki, məğlubiyyət uğursuzluq kimi qəbul olunacaq. Yaxşı nəticə üçün meydana çıxacağıq və uduzmaq istəmirik”.

Qeyd edək ki, avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Şkendiya” görüşü saat 20:00-da başlayacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki