Tribuna İnformasiya Agentliyi

“Süfrəm çoxçeşidli olmasa…” – Toy israfçılığından necə xilas olaq?

30 Aprel

Dəfələrlə yazılsa da, maarifləndirmə işləri aparılsa da, toy və el şənliklərində yol verilən israfçılıq aradan qalxmır. İnsanlar bir-birinin bəhsinə, “Süfrəm çoxçeşidli olmasa, filankəs nə deyər” fikirlərinə görə kompleksə girir, dəbdəbəli məclislərdən əl çəkmir.

Hər kəsə məlumdur ki, hazırda insanların maddi durumu aşağıdır. Onlar kreditə girmək, borc almaq hesabına öz məclislərini keçirirlər.

Bəs, hər kəsi “dərd”ə salan bu israfçılıqdan necə xilas olmaq lazımdır?

Musavat.com bu məsələ ilə bağlı psixoloq Sevinc Baxışovanın fikirlərini öyrənib.

605863.jpg (53 KB)

O, bildirib ki, toyların əsas problemi israfçılıqdır: “Çox aktual mövzuya toxunmusunuz. Toylardakı əsas problem israfçılıqdır. Hər bir valideyn imkan daxilində, bəzən də borc-xərc edərək övladına yaxşı toy keçirmək istəyir. Bunun özü bir psixoloji məqamdır. Burada valideynlik borcunu layiqincə yerinə yetirmək istəyindən söhbət gedir. Ona görə də valideyn həmin situasiyada istər təamların yaxşı olması, istərsə də, toya dəvət edilən qonaqların sayı baxımından hər şeyi maksimum etməyə çalışır. İlkin mərhələdə bu problem kimi dəyərləndirilmir. Əsas problem toydan sonra təzə qohumlar arasında baş verir ki, bu da münasibətlərin pozulmasına gətirib çıxarır. Beləki borc və kreditlə edilən toyun xərclərini ödəmək lazım gəlir. Hal-hazırda keçirilən toy mərasimlərinin insanlara həm maddi, həm mənəvi ziyan verdiyini hesab edirəm. Bir müddət əvvəl toy və yaşlardakı israfçılığın qarşısını almaq məqsədi ilə kampaniyaya start verilsə də, bu çox çəkmədi. Bilirik ki, insan səhhəti üçün zərərli olan hər şeyi toy süfrələrinə yığır. Bu çox acınacaqlıdır. Öncə insanların düşüncə tərzini dəyişmək lazımdır. Camaat üçün yaşamaq lazım deyil. Psixoloji durumun daha rahat olması üün hər kəs öz büdcəsinə uyğun hərəkət etməlidir”.

leyla.jpg (7 KB)

Toylarda edilən israfçılıq orqanizmimizə də zərərlidir. Süfrəyə düzülən onlarla salat növü, yemək çeşidlərini yeyən insanların səhhəti ağırlaşır. Mövzu ilə əlaqədar danışan dietoloq Leyla Zülfüqarova bildirib ki, toylarda orqanizmimiz üçün təhlükəli addımlar atılır: “Toylarda insanların qidalanması onların orqanizmi üçün təhlükə yaradır. Biz nə yeyiriksə, oyuq. Toylarımızdan da aydındır ki, biz yeyərək istirahət edirik. Qonaqlar toyda əylənmək, rəqs etmək, insanların sevincini bölüşmək əvəzinə yemək yeyirlər. İnsanların süfrədə olan bütün təamlardan dadmağa fiziki olaraq vaxtı olmur, orqanizmin fiziologiyası bunları həzm etməyi çatdırmır və artıq stop deyir. Toya plov saat 23:00-da gəlir. O saatda plov yemək mədəni korlayır. Aşı toyun əvvəlində gətirilsə, doğru olar. Aşdan sonra tort və dondurma gətirilir. Bu da yanlış addımdır. Yas məclislərində israfçılıq aradan qaldırıldığı kimi toy məclislərində də ləğv edilsin. Artıq israfçılığın dayandırılması üçün siqnal verilməlidir. Süfrəyə mayonezli 5 -6 cür salat qoymaq əvəzinə yağda həll olan, bişmiş salat – vineqred vermək olar. Çünki mayonezlə hazırlanan salat tərkibi işlənmiş qidalara aiddir. Vineqred yarım porsla insanı doydurur. Bu, həm mədəmizə faydalıdır, həm də toy sahibinin cibinə xeyirdir. İnsan bəsit karbohidratları yedikcə yemək istəyir, iştaha artır. Vineqred kimi salatlar insanı tez doydurur. Ağ çörək və qazlı, rəngli içkilər də yığışdırılmalıdır. Bir cür kabab, bir cür balıq  gətirilməlidir. Bəlkə də insanlar mənimlə razılaşmayacaq. Düşünəcəklər ki, toyda ayda 1 dəfə olurlar. Bir dəfə edilən səhv qidalanma da orqanizmin pozulmasına yetərlidir”.