Tribuna İnformasiya Agentliyi

Sudanda hərbi çevriliş olub

11 Aprel

Sudan Prezidenti Bəşir əl-Ömərin ətrafında olan indiki və keçmiş yüksək vəzifəli şəxslər həbs ediliblər.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu məlumatı “al-Hadath” telekanalı yayıb.

Bildirilib ki, həbs edilənlər arasında Prezident Qvardiyasının rəhbəri, keçmiş müdafiə naziri Əbdül Rahim Məhəmməd Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, keçmiş vitse-prezident Əli Osman Taha da var. Taha etiraz aksiyası iştirakçılarına qarşı “kölgə tabor”undan istifadə edəcəyini bildirmişdi.

Ölkə paytaxtı Xartumun küçələrinə minlərlə insan çıxıb. Aprelin 6-dan başlayan tətil davam edir.

Məlumata görə, Xartumda beynəlxalq hava limanı bağlanıb.


*** 09:37

Sudanda ordu hərbi çevriliş edib.

Bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar.


*** 09:25

Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb, bir qrup hərbçi binaya daxil olub.

Yaxın saatlarda Sudan dövlət televiziyasının və ordunun açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir.