Tribuna İnformasiya Agentliyi

Stiven Spilberq filmləri qlobal kassada 10 milyard dolları keçən ilk rejissor olub

17 Aprel

Stiven Spilberq kommersiya baxımından bütün dövrlərin ən uğurlu kinematoqrafçısı nüfuzunu gücləndirməkdə davam edir.

“Report” TASS-a istinadən xəbər verir ki, o, qlobal kassada filmləri 10 milyard ABŞ dollarından çox gəlir gətirən ilk rejissor olub.

Bu rekordun müəyyənləşdirilməsində S.Spilberqin son filmi – “Birinci oyunçu hazırlaşsın” (Ready Player One, 2018) lenti mühüm rol oynayıb. Belə ki, mart ayından izləyicilərə təqdim olunan film artıq dünya üzrə prokatda 475 milyon dollardan çox vəsait toplayıb. Bu göstərici nəzərə alınmaqla məşhur amerikalı rejissorun filmlərinin toplam kassa yığımı 10,4 milyard dollara çatıb.

Qeyd edək ki, rejissorun ən uğurlu kommersiya işi “Yura dövrünün parkı” (Jurassic Park, 1993) filmidir. Bu film 983,8 milyon dollar gəlir gətirib. Onun ardınca 786,6 milyon dollar gəlirlə “İndiana Cons və kristal kəllə sümüyü krallığı” (Indiana Jones və Crystal Skull Krallığı, 2008) və 717 milyon dollar gəlirlə “Yadplanetli” (E.T. the Extra-Terrestrial, 1982) filmləri gəlir.