Ştirlisdən ötə casus – Kim Filbi 29 il SSRİ-yə işləyib, axırda DTK-dan təqaüdə çıxıbbackend

Ştirlisdən ötə casus – Kim Filbi 29 il SSRİ-yə işləyib, axırda DTK-dan təqaüdə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, ilk dəfə “Baharın 17 anı” filminə baxarkən Vyaçeslav Tixonovun yaratdığı obraz haqqqında gülə-gülə bu sözləri deyib: “Bu cür üz ifadələri ilə kəşfiyyatçı bir gün də davam gətirə bilməz…”

Sözsüz ki, Kim Filbi bu sözləri sıravi tamaşaçı kimi yox, peşəkar kəşfiyyatçı kimi söyləyib.

Kim Filbinin xüsusi xidmət orqanlarında xidmətində ən maraqlı məqam odur ki, o, Britaniya məxfi kəşfiyyat xidmətində 10 il sovet casusları ilə mübarizə şöbəsinə rəhbərlik etdiyi halda, özü Moskvanın Londondakı baş agenti olub…

5da472f085600a3dcc0912c9.jpg (146 KB)

Kim Filbi (Harold Adrian Rassell Filbi) 1912-ci ildə İngiltərənin müstəmləkəsi altında olan Hindistanda olduqca zəngin bir ailədə anadan olub. O, Kembricdə təhsil olaraq iqtisadçı ixtisasına yiyələnib. Kim Filbi tələbə olarkən sosialist təşkilatına üzv olub. Kolleci bitirdikdən sonra, o, 1933-cü ildə faşizmə qarşı mübarizə məqsədi ilə Parisdə fəaliyyət göstərən faşizm qaçqınlarına yardım komitəsinin xətti ilə Avstriyanın paytaxtı Vyanaya ezam olunub və faşist idelogiyasına qarşı mübarizəyə qoşulub.

Avstriyada nasistlərin hakimiyyəti ələ keçirməsi ərəfəsində Kim Filbi Britaniyaya qayıdıb və 1934-cü ildə Londonda sovet kəşfiyyatçılarının əməkdaşlıq təklifini qəbul edib. Bu sövdələşmədən sonra Kim Filbi Britaniyada sovet agenturasının genişlənməsi üçün bütün gücünü sərf edib. Agenturaya əsasən Britaniya kommunistləri cəlb edilib və bu məsələ əsasən faşizmlə mübarizə adı altında həyata keçirilib.

fb9e4696338f4bdba72820218c019bb8.jpg (119 KB)

Daha sonra Kim Filbi fəaliyyətini mətbuatda davam etdirib, o, “Tayms” qəzetinin İspaniyada xüsusi müxbiri adı altında sovet kəşfiyyatçılarının tapşırıqlarını yerinə yetirib. İki il bu ölkədə qaldıqdan sonra Kim Filbi 1939-cu ildə yenidən Londona qayıdıb.

1940-cı ildə Kim Filbi SSRİ-nin Londondakı ən “qiymətli” agentlərindən biri, Britaniya əks-kəşfiyyat xidmətinin rəsmi əməkdaşı, sonralar Britaniya Xarici İşlər Nazirliyində işləyən Hay Byordjessin köməkliyi ilə Britaniyanın məxfi kəşfiyyat xidmətinə (Mi-6) işə qəbul olunub. Artıq bir ildən sonra Kim Filbi bu xidmətdə əks-kəşfiyyat şöbəsinin rəis müavini, 1944-cü ildə isə xidmətin 9-cu şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Bu şöbə Britaniyada kommunistlərin, SSRİ-nin ticarət və diplomatik nümayəndələrinin fəaliyyəti ilə məşğul olub.

b7d7530495284b348dfb7e6562acfe66.jpg (168 KB)

Kim Filbi təkcə sovet-alman müharibəsi illərində Moskvaya 914 məxfi sənəd ötürüb. Sonralar özünün söylədiyinə görə, Uinston Çörçillin böyük etimadını qazanan Filbi, bundan istifadə edərək Britaniyanın baş nazirinin SSRİ ilə bağlı bütün planlarını Stalinə çatdırıb. Kreml Filbinin bu xidmətlərini yüksək dəyərləndirib.

1947-1949-cu illərdə Kim Filbi Britaniyanın Türkiyədəki səfirliyində birinci katib vəzifəsi adı altında fəaliyyətini davam etdirib. Onun Türkiyədəki fəaliyyəti illəri də bir çox hadisələrlə yadda qalıb.

Türkiyədə Filbini ən çox narahat edən şəxs SSRİ-nin İstanbuldakı baş konsulluğunda vitse-konsul işləyən Konstantin Volkov olub. Volkov məhz bu vəzifə adı altında “NKVD”-nin (sonralar Dövlət Təhlükəsizlik Nazirliyi) rezidenti vəzifəsini icra edib. Hələ 1945-ci ildə Filbi Volkov haqqında onun ikibaşlı agent “roluna” təhlükə yarada biləcək məlumatlar əldə edib. Belə ki, Volkov Britaniyanın Türkiyədəki səfirliyinə müraciət edərək sığınacaq istəyib və arzusunun həyata keçiriləcəyi təqdirdə Britaniya kəşfiyyatçılarından kimlərin SSRİ-yə işlədiyini açıqlayacağını bildirib. Bu siyahıda birinci yerdə Filbinin adı olub. Filbi ifşa olunmamaq üçün hadisələrə olduqca çevik reaksiya verib və bunun nəticəsi olaraq Volkov müəmmalı şəkildə öldürülüb.

_108929164_gettyimages-981627954.jpg (80 KB)

1949-1951-ci illərdə Kim Filbi xidmətini ABŞ-da davam etdirib. O, bu ölkədə Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqələr yaradaraq “kommunist təhlükəsi”nə qarşı ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının koordinasiyasını yaratmağa nail olub.

Sonrakı illərdə Filbi xidmətini yenidən Londanda “Mi-6”-da davam etdirib. O. müxbir, diplomat, ticarət nümayəndəsi adı altında bir çox ölkələrdə xüsusi əməliyyatlarda iştirak edib.

Nəhayət, 1963-cü ildə Filbinin SSRİ-yə işləməsi faktları haqqında Britaniya rəhbərləyinə məlumatlar sızmağa başlayıb. Həmin il o, SSRi-yə qaçıb.

8fac2628b79e3f88d5c5eeb5ed9b302f.jpg (125 KB)

Moskva Filbini böyük hörmətlə qarşılayıb. Fyodorov soyadı adı altənda ona yüksək təqaüd təyin ediblər, eyni zamanda Fyodorov-Filbi DTK-da məsləhətçi işləyib.

Filbi Moskvanın mərkəzində mənzillə təmin edilib. Onun yaşadığı bina daim mühafizə olunub.

Kim Filbi SSRİ-nin ən yüksək mükafatları, “Lenin” ordeni, “Qırmızı Bayraq” ordeni, “Dövlət təhlükəsizliyi orqanlarının fəxri əməkdaşı” döş nişanı və bir çox medallarla təltif edilib. SSRİ-nin bütün rəhbərləri, İosif Stalin, Nikita Xruşov, Leonid Brejnev, Yuri Andropov Kim Filbinin xidmətlərini yüksək qiymətləndiriblər. Onun bütün xahişləri Kremldə müzakirəsiz yerinə yetirilib.

Могила_разведчика_Кима_Филби.JPG (147 KB)

Kim Filbi ömrünün sonuna qədər Moskvada yaşayıb, o, 1988-ci ildə vəfat edib. Filbi Moskvada, Kuntsevo qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu,