Stalinin mifə, Xruşovun heçə çevirdiyi saxta Staxanov – dəlixanada ölən əyyaş “qəhrəman”backend

Stalinin mifə, Xruşovun heçə çevirdiyi saxta Staxanov – dəlixanada ölən əyyaş “qəhrəman”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onu bütün SSRİ tanıyıb, adı və şəkilləri qəzetlərin birinci səhifəsində yer alıb. Məşhur “Time” jurnalı da üz qabığında ona səxavətlə yer ayırıb. Bir günün içində məşhurlaşan Aleksey Staxanov əmək cəbhəsinin bir nömrəli qəhrəmanına çevrilib, 29 yaşlı gənc ən yüksək dövlət mükafatları ilə təltif edilib, hələ sağlığında ona abidə ucaldılıb, Ukraynanın Kadiyevka şəhərinin adı dəyişilərək Staxanovun adı verilib, hətta İosif Stalin dəfələrlə onun ünvanına xoş sözlər söyləyib.

Donbasda sıravi şaxtaçı olan Aleksey Staxanovun adı ilə bağlı bütün SSRİ-də “Staxanov hərəkatı” yaranıb. Sözsüz ki, Staxanov 6 saatlıq bir iş növbəsində planı 14 dəfədən artıq yerinə yetirməklə, 7 ton əvəzinə 102 ton kömür çıxarmaqla məşhurlaşmalı idi. Amma həqiqətənmi o, bu rəqəmlərə nail olub? Həqiqətənmi 31 avqust 1935-ci ildə Staxanov 5 saat 45 dəqiqə ərzində fiziki baxımdan mümkünsüz olan bir işi mümkün edib? Yoxsa bu hadisə də sovet ideologiyasının yaratdığı növbəti mif idi?

119020687_377043856626833_7911527274576622964_n.jpg (94 KB)

Əslində, onun adı Aleksey yox, Andrey olub. Jurnalistlərin kiçik bir yanlışlığı Staxanovu adını dəyişməyi məcbur edib. Belə ki, 1935-ci ilin avqustun 31-də Donbasdakı “Mərkəzi İrmino” şaxtasında gecə növbəsində Staxanovun planı 14 dəfə artıq yerinə yetirməsi haqqında səhər saatlarında radioda məlumatlar səsləndirilib. Bu məlumatlardan sonra ölkənin birinci qəzeti olan “Pravda” onun haqqında yazı hazırlamağa qərar verib. Şaxta rəhbərliyi redaksiyaya Staxanov haqqında rəsmi arayış göndərib. Arayışda “qəhrəman”ın ad və soyadı A. Staxanov kimi qeyd edilib. Materialı hazırlayan jurnalist “A”-nın Aleksey olduğunu zənn edərək yazıda ad və soyadı Aleksey Staxanov kimi qeyd edib. Redaksiyanın bu səhvi müzakirə və mübahisələrə səbəb olub. Qəzet Mərkəzi Komitənin orqanı olduğundan mövzu ətrafında söhbətlər Kremlə də çatıb. Nəhayət, dolaşan söz-söhbətlərə İosif Stalin son qoyub: “Bu qəzet Mərkəzi Komitənin orqanıdır və “Pravda” heç vaxt səhv yazmaz…”

118924141_765892760860886_4643819169164823011_n.jpg (53 KB)

Bu sonluqdan sonra Staxanov adını rəsmi olaraq dəyişdirərək Aleksey adı ilə əvəzləyib.

Maraqlıdır, Aleksey Staxanov əmək cəbhəsində zirvələri necə fəth edib?

Beşillik plan öhdəçiliyində “Mərkəzi İrmino” şaxtası kömür çıxarılmasında ən geridə qalan müəssisələrdən biri olub. “Qara siyahı”dan çıxmaq üçün Aleksey Staxanov kollektivin ümumi yığıncağında söz alaraq, əminliklə bildirib ki, rekord nəticə əldə edərək “Mərkəzi İrmino” şaxtasının adını birincilər sırasına çıxaracaq. Sıravi şaxtaçının bu çıxışını çoxları ciddi qəbul etməyib. Avqustun 31-də Staxanov iki nəfər şaxtaçı ilə öz ərazilərində gecə növbəsində işə başlayıblar. Üç nəfərlik briqada altı saatlıq növbədə 102 ton kömür çıxarıblar. “Mərkəzi İrmino” şaxtasının partiya təşkilatının katibi Petrov üç nəfərin çıxardığı kömürü bir nəfərin, Staxanovun adına yazaraq, bu haqda mərkəzə məlumat verib. Şaxtaçılar arasında bu rekord rəqəm sayılıb. Bu cür təqdimat digər iki şaxtaçının etirazına səbəb olsa da, onları pul mükafatı ilə susdurublar.

119020687_742481683263236_6259083727442349919_n.jpg (91 KB)

Bir günün içində məşhurlaşan Staxanovun üzünə bütün qapılar açıq olub. Elə həmin il o, müsabiqədən kənar Sənaye Akademiyasının qiyabi şöbəsinə qəbul edilib. 1941-ci ildə Staxanov Karaqandada 31 nömrəli şaxtaya rəis təyin olunub. 1943-cü ildə o, Stalinin təşəbbüsü ilə daha yüksək vəzifəyə, SSRİ Kömür Sənayesi Komissarlığında (nazirliyində) şöbə müdiri vəzifəsinə təyinat alıb.
Moskvaya köçdükdən sonra Staxanova növbədənkənar şəxsi avtomobil və sahildəki məşhur “Hökumət evi”ndən mənzil verilib.

Ali təhsil ocaqlarında və orta məktəblərdə, zavod və fabriklərdə keçirilən görüşlərdə, rəsmi tədbirlərdə Staxanov fəxri kürsülərdə əyləşdirilib.
Sosialist Əməyi Qəhrəmanı, iki dəfə “Lenin” ordeni, digər orden və medallarla təltif olunan Staxanov Kreml dəhlizlərində sərbəst gəzib, istədiyi kabineti ərklə açıb.
Amma zaman-zaman qazandığı şöhrət Staxanovu uçuruma aparıb. İçkiyə qurşanan “qəhrəman” ona göstərilən münasibətdən sui-istifadə etməyə başlayıb. Az qala özünü ölkənin birinci şəxsi sayan Staxanov yeri gəldi-gəlmədi ifadələrində böyük siyasi səhvlər buraxmağa başlayıb.

Stalinin himayəsinə arxayın olan Staxanovun qəhrəmanlığı onun vəfatından sonra süquta uğrayıb. Hakimiyyətə gələn Nikita Xruşov onu nazirlikdəki vəzifəsindən azad edərək Donetskə göndərib. O, bu şəhərdə əvvəlki hörmətlə qarşılanmayıb. Onu əvvəlki vəzifəsindən qat-qat aşağı, trest müdirinin müavini vəzifəsinə təyin ediblər. Moskvanın mərkəzində yaşayan Staxanov Donetskdə mənzillə də təmin olunmayıb. Yataqxanada yaşayan “əmək zərbəçi”si gününü içki ilə keçirib. Əyyaşlığına görə ailəsi də onu tərk edərək Moskvaya qayıdıb.

Aleksey Staxanov ömrünün son illərini psixiatriya xəstəxanasında keçirib. Alkoqolizmdən, yaddaş pozğunluğundan əziyyət çəkən məşhur şaxtaçını arayıb axtaran da olmayıb. Özünü güclə idarə edən Staxanov 5 noyabr 1977-ci ildə, 71 yaşında xəstəxanada olarkən ayağının altında alma qabığı qalaraq yıxılıb. Bir neçə saatdan sonra tibb bacısı onu ayıltmaq istəsə də Staxanovun həyatını xilas etmək mümkün olmayıb.
Beləliklə, sovet ideologiyasının yaradığı növbəti mifin, saxta qəhrəman Staxanovun həyatı acı sonluqla bitib.

İlham Cəmiloğu