Tribuna İnformasiya Agentliyi

Spikerdən Hadı Rəcəbliyə xəbərdarlıq: “Diqqətli ol”

29 Noyabr

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunur. 

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunur.

TİA.AZ xəbər verir ki, deputat Fazil Mustafa deyib ki, dəyişiklik layihəsi çox aktual və vacibdir. O bildirib ki, bir sıra insanlar xaricdə oturaraq və ya gizli olaraq bu işi həyata keçirirlər:

“Başqa ölkələr tərəfindən yönləndirilən saytlar var ki, onlarla bağlı da araşdırma aparmaq lazımdır. Onlar ölkənin imicinə ziyan vururlar”.

Deputat Elmira Axundova qeyd edib ki, bu dəyişiklik ölkənin birinci xanımına və onun ailə üzvlərinə də şamil olunmalıdır: “Mənəviyyatdan uzaq olan şəxslər ölkə rəhbərinin ünvanına təhqirlər, nalayiq sözlər yazmaqdan çəkinmirlər. Bu halın vüsət almasına səbəb prezidentin humanistliyidir. Bu dəyişikliklə heç bir mətbu orqana məhdudiyyət qoymuruq. Bəzi şəxslər, hətta ölkənin birinci xanımı, prezidentin ailə üzvləri barəsində çox mənəviyyatsız yazılar yazır. Bununla bağlı hüquqi tədbirlər görülməlidir. Dəyişiklik layihəsi prezidentin ailə üzvlərinə də şamil edilməlidir”.

Deputat həmçinin vurğulayıb ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da məişət zorakılığı baş verir: “Statistikaya görə qadınların öz ərləri tərəfindən zorakılığa məruz qalması halları artır. Belə insanlar cəzaya layiqdirlər, onlar ömürlük azadlıqdan məhrum edilməlidirlər. Buna görə də Cinayət Məcəlləsini bir sıra maddələrinə yenidənm baxılmalıdır. Xüsusilə də, ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı ölüm hökmünün tətbiq olunmasının vaxtıdır”.

Daha sonra çıxış edən deputat Aqil Abbas bildirib ki, Azərbaycanda 3 deputatı söyürlər-Fazil Mustafanı, Hadı Rəcəblini və məni:

“Son günlər internet məkanda onun fikirlərini kontekstdən çıxarıb, hədəfə götürüblər. Mənim atamın goruna 932 adam söyüb, hesablamışam. Hərə yaxasını çəkib bir kənara, iki-üç deputatıq, hədəfdə qalmışıq. Bu işləri edənlər cəzasını almalıdırlar. Dostum Vahid Əhmədov demədiyi halda, adından yazıblar ki, maaşı azlıq edir. Axı, elə söz deməyib. Yaxud, dostum Tahir Kərimli açıqlama verir ki, maaşını alanda utanır. Qardaş, utanırsan, alma. Kimin maaşı çoxluq edirsə, aparıb ehtiyacı olana versin”.

Sədr Oqtay Əsədov isə cavabında bildirib ki, deputatlar internet resurslarına müsahibə verərkən diqqətli olmalıdırlar: “Mən Hadı müəllimdən şəxsən xahiş etdim ki, müsahibə verəndə bilsin hara və necə müsahibə verir. Diqqətli olmaq lazımdır. Amma hamı bəhsə girib müsahibə vermək istəyir və nəticədə belə olur”.