Sovet liderləri ilə xüsusi münasibətləri olan Vısotskibackend

Sovet liderləri ilə xüsusi münasibətləri olan Vısotski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat tərzi və yaradıcılığı sovet cəmiyyətinə “uyğun” sayılmayan Vladimir Vısotskiyə qarşı bir çox məsələlərdə qadağalar tətbiq olunub…

Amma maraqlı məqam odur ki, bu qadağaları rəsmi şəkildə tətbiq edənlər, qeyri-rəsmi şəraitdə müğənniyə yaşıl işıq yandırıblar. Yəqin elə buna görə də Vısotski ilə birincilərin münasibəti haqqında söhbət düşəndə müğənnini “birincilərə ən yaxın və ən uzaq adam” adlandırıblar.

Özünəməxsusluğu ilə fərqlənən Vısotskinin dövlət rəsmilərinə münasibəti də fərqli və maraqlı olub. O, birincilərdən nə qədər uzaq gəzmək istəsə də, həyat belə gətirib ki, Lenini çıxmaq şərtilə hamısı ilə görüşmək məcburiyyətində qalıb.

O, heç vaxt Lenini mavzoleydə ziyarət etməyib, özünün söylədiyi kimi, illərin yuxusuna dalmış bir şəxsi “narahat” etmək fikrində olmayıb.

Amma Stalinlə görüşüb, özü də iki dəfə. Birinci dəfə könüllü, ikinci dəfə məcburi. Belə ki, 1953-cü ildə səkizinci sinifdə oxuyanda, Stalinin dəfn mərasimi zamanı Vısotskidə “xalqlar atası”nı yaxından görmək marağı yaranıb. O, böyük izdihama qoşularaq Stalinlə son dəfə görüşən milyonlardan biri olub. Vısotski vida mərasiminin keçirildiyi İttifaqlar evindən çıxanda, nəzarətçiləri göstərdiyi istiqamətə deyil, onlardan yayınaraq əks istiqamətə gedib və yenidən izdihamın içərisinə düşüb.

Beləliklə də o, ikinci dəfə məcburi olaraq Stalinlə vidalaşıb.

Vladimir Vısotskiyə Nikita Xruşovla da görüşmək nəsib olub. Amma görüş Xruşovun təqaüddə olduğu dövr baş tutub. Müğənnini sabiq baş katiblə nəvəsi Yulya görüşdürüb. Sözsüz ki, Vısotski Xruşov üçün mahnı oxumağa getməyib və özü də yaxşı bilib ki, onun yaradıcılığı Xruşovun zövqüncə deyil. Bu görüşün hansı məqsəd daşıdığı heç yerdə açıqlanmayıb.
Vısotskinin yaradıcılığına qadağa qoyanlardan biri də Brejnev olub. Amma o, buna baxmayaraq, müğənniyə çox kömək edib. Brejnev Vısotskinin yaradıcılığı ilə ilk dəfə Kremldən bağ evinə qayıdarkən xidməti avtomobilində tanış olub. Sürücüsü ondan icazə aldıqdan sonra maqnitafonda Vısotskinin mahnılarını səsləndirib. İfalar Brejnevin xoşuna gəlib.

Bu hadisədən sonra Brejnev Kremldə yaxın ətrafı ilə kiçik müzakirə açıb:

– Mən təklif edirəm ki, Vısotskinin Yazıçılar İttifaqına üzv seçək, yazdıqlarını çap edək, digərləri kimi ona da bağ evi verək və Vısotski əsl sovet şairi olsun.

Bu söhbətdə iştirak edən Mixail Suslov, Konstantin Çernenko, Andrey Qromıko Brejnevin qərb meylli bir şəxs haqqında bu fikrini təəccüblə qarşılayıblar. Suslov isə təəccübünü dilə gətirib:

– Leonid İliç, inanıram ki, siz zarafat edirsiniz.

Bununla da müzakirə qapanıb.

Vısotskinin Brejnevin qızı Qalina və kürəkəni Yuri Çurbanovla dostluq münasibətləri olub, ailə onu tez-tez evlərinə qonaq dəvət edib.

Vısotskiyə Brejnevlə bir dəfə görüşmək qismət olub. Qalina bağ evlərində keçirdiyi şənliyə Vısotskini də dəvət edib. Bu haqda əvvəlcədən atasını da məlumatlandırıb. Həmin şənlikdə nə Brejnev, nə də həyat yoldaşı iştirak etməyiblər, yaşca nisbətən gənc olanları sərbəst buraxıblar. Məhz elə həmin gün Vısotski ilə Brejnevin ayaqüstü görüşü baş tutub. Baş katib bir neçə dəqiqəlik görüşün sonunda zarafatyana müğənniyə xəbərdar edib:

– Volodya, çalış qayda-qanunun pozmayasan.

Vısotski də xəbərdarlığa zarafatla cavab verib:

– Leonid İliç, biz sizin qayda-qanuna qarışmırıq. Çünki öz qayda-qanunumuz var.

Brejnev Vısotskiyə xarici ölkələrə qastrollara getməkdə həmişə köməklik edib. Həmçinin Qalina vasitəsilə digər problemlərinə də köməklik göstərib.

1973-cü ildə Vısotskiyə Fransaya getmək üçün viza verməkdən imtina ediləndə də, Brejnev bu məsələni həll edib. Belə ki, müğənninin həyat yoldaşı Marina Vladi Fransa Kommunist Partiyasının baş katibi Jorj Marşedən məsələni həll etməyi xahiş edəndə, o, Brejnevə zəng vurub. Brejnev fransalı həmkarının xahişini yerinə yetirib və “irad” da bildirib:
– Biz Fransanın müdaxiləsi olmadan da Vısotskiyə kömək etməyə hazırıq.

SSRİ-nin hökumət başçısı, Nazirlər Sovetinin sədri Aleksey Kosıginin də Vısotski ilə xoş münasibətləri olub. Baş nazir bayram tədbirlərində müğənnini ailəsinə qonaq dəvət edib.

Vladimir Vısotski Mixail Qorbaçovun prezidentlik dövrünü görməyib. Stavropol diyar Pariya Komitəsinin birinci katibi olanda isə onunla görüşüb. Müğənninin Stavropolda verdiyi konsertdə Qorbaçov iştirak etməsə də, konsertdən sonra Vısotskinin qəbul edib. Vısotskinin dostu, həmin görüşdə iştirak edən Koxanovski sonralar öz xatirələrində bu görüşü belə xatırlayıb:
“Qorbaçov konsertdən sonra Vısotskini yanına dəvət etdi. Vaxt məhdudiyyəti baxımından konsertdə iştirak etmədiyinə görə üzrxahlığını bildirdi. Əslində isə konsertdə iştirak etməməyin səbəbi aydın idi. Dövlət məmurları Vısotskinin konsertində iştirak etməkdən çəkinirdilər. Sonra Qorbaçov Vısotskinin həmin gün üçün planları ilə maraqlandı. Vısotski gecə ikən Moskvaya qayıdacağını söylədi. Qorbaçov Vısotskiyə hədiyyə vermək istədiyini bildirdi:

– Biz sizə vaxt ayıra bilmədik. Mən sizin üçün heç nə edə bilmədim. Amma etiraz etməsəydiniz, sizə “vneştorq”dan yenicə aldığımız İsveç kürklərindən birini hədiyyə edərdin.

Vısotski hədiyyədən imtina etdi, sağollaşıb kabinetdən çıxdı. Həmin görüşdə Stavropolun ikinci katibi Kaznaçeyev də iştirak edirdi…”

Vısotski Andropovun da baş katiblik dövrünü görməyib. Amma DTK sədri ilə onun şəxsi tanışlığı olub. Qanunların aliliyinə cavabdehlik daşıyan Andropov da öz qanunları ilə yaşayan Vısotskidən heç vaxt köməyini əsirgəməyib.

1980-ci ildə Vısotski vəfat edəndə Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişin Vaqankova qərirstanlığında müğənninin dəfn olunması üçün sahə ayrılmasından imtina edib. Məsələyə İosif Kobzon qarışıb. Qrişin ona da məhəl qoymayıb. Kobzon bu haqda Andropova məlumat verəndə məsələ öz həllini tapıb.

Göründüyü kimi, Vısotski sovet qanunlarından və onların əsas daşıyıcıları olan rəhbərlərindən nə qədər uzaq olubsa, bir o qədər də onlara yaxın olub. Sovet sistemi isə bu cür sənətkarları qəbul etmir, yabançı sayırdı.(Musavat.com)