Tribuna İnformasiya Agentliyi

SOVET DÖVRÜNÜN NOSTALJİ HİSLƏRİ İLƏ YAŞAYANLAR

11 Aprel

TİA.AZ bu dəfə  Azərbaycan Kommunist Partiyasinin MK-nın birinci katibi Telman Nurullayevlə həmsöhbət oldu: 


TİA.AZ bu dəfə  Azərbaycan Kommunist Partiyasinin MK-nın birinci katibi Telman Nurullayevlə həmsphbət oldu:

-Telman bəy özünüz haqda danışardız. 

-1950-ci ildə Cəlilabadda anadan olmuşam, 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma şöbəsinə daxil olduqdan sonra Bakı şəhərinə köçmüşük. 1972-ci ildə institutu bitirib, Bakı Radiozavodunda mühəndis vəzifəsində işə başlamışam, 1975-ci ildə partiya sıralarına qəbul olunmuşam (Sov.İKP), 1976-cı ildə zavod komsomol komitəsinin katibinin müavini (Zavod komsomol komitəsi raykom hüquqlu idi), 1978-ci ildən, eyni zamanda, zavod partiya komitəsi katibinin müavini ictimai vəzifələrini icra etmişəm. 1977-ci ildə ən yaxşı səmərələşdirici-ixtiraçı kimi Alman Gənclər Birliyinin 30 illik yubiley tədbirlərində iştirak etmək məqsədi ilə Bakıdan mən və Alik Məmmədov, Oktyabr rayon komsomol komitəsinin birinci katibi, eləcə də bir neçə nəfər aktiv, qabaqcıl komsomol işçiləri Almaniya Demokratik Respublikasında olmuşuq və həmən il Moskvada keçirilən Gənclərin Elmi-Texniki Nailiyyətləri müsabiqəsinin laureatı olmuşam. 1980-cı ildə zavod partiya komitəsinin katibi vəzifəsinə seçilmişəm (o vaxtlar Radiozavod kommunistlərinin sayı 450 nəfər idi), 1982-84-cü illər Bakı Ali Partiya Məktəbini bitirib, Xətai rayon partiya komitəsində təlimatçı və 1985-ci ilin noyabrında Vladimir İliç Lenin adına Bakı Toxuculuq Kombinatının partiya komitəsinin katibi vəzifəsinə seçilmişəm.

Çoxları, xüsusən də tanışlar, qohumlar mənə “irad” tuturlar ki, bəs bəy nəslindən olmağınla kommunist  əqidəliyini necə uyğunlaşdırırsan? Onlara cavab olaraq deyirəm ki, Marks, Engels, Lenin və bir çox marksist klassiklərinin kökləri zadəganlıqdan qaynaqlanır. Həm Marks, həm Engels, həm də Lenin öz bilik və bacarıqları ilə burjua cəmiyyətində yüksək vəzifə və mənsəbə nail ola bilərdilər, lakin onların insani keyfiyyətləri və dünya baxışları solçuluq elmi baxışları ilə üzvü surətdə birləşməsi marksizm-leninizm kimi fundamental elmi nəzəriyyəsinin meydana gəlməsi ilə nəticələndi. Məsələ heç də şəxsin hansı təbəqəyə mənsub olmasından asılı deyil. Əsas şərt insanın ümumi səviyyəsindən, onun dünyabaxışlarından və əlbətdə onu əhatə edən mühitdən asılıdır.

Nə zamandan partiyaya rəhbərlik edirsiz?

– 1991-ci ilin sentyabrında, qeydiyyatında 400 mindən yuxarı sayı olan Azərbaycan Kommunist Partiyasının fəaliyyəti, məlum səbəblərdən, qeyri-qanuni olaraq, dayandırıldıqda mən Toxuculuq Kombinatının partiya komitəsinin katibi işləyirdim. Həyatımın ən ağır dəqiqələri o oldu ki, kombinat partiya komitə üzvlərini yığıb, onlara elan etdim ki, bu gündən bizim fəaliyyətimiz müəssisələrdə dayandırılır. Lakin elan etdim ki, kim özünü kommunist sayırsa, hər həftənin şənbə günləri kombinat xaricində yığışacağıq. Belə qərara gəldik ki, ilk partiya təşkilatını saxlayaq və bu məqsədlə “partiya andı” işləyib hazırladıq. Hər bir kommunistə bu “andı” yazılı formada qəbul etməyi tövsiyyə etdik. Beləliklə, 1993-cü ilin dekabrına kimi bu formada təşkilatı saxladıq.

Mətbuatdan xəbər tutduq ki, 1993-cü ilin oktyabrında Ramiz Əhmədovun rəhbərliyi ilə Azərbaycan Kommunist Partiyası fəaliyyətini bərpa etmişdir. 1993-cü ilin dekabr ayında biz Ramiz bəylə əlaqə saxladıq. 1994-cü ilin fevralında Xətai rayon kommunistlərinin konfransını keçirərək, Xətai rayon komitəsini yenidən bərpa etdik. Bakıda ilk olaraq məhz Xətai rayon komitəsi bərpa olundu. O gündən başlayaraq Azərbaycan Kommunist Partiyasının, demək olar ki, bütün tədbirləri bizim rayonda keçirilirdi.

Onu da qeyd edim ki, əgər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, kommunistlər çətin ki, partiyanı bərpa edərdilər. Digər tərəfdən Heydər Əliyevdən çəkinən Ramiz Əhmədov partiya fəaliyyətini çox ehtiyyatla inkişaf etdirirdi. (“Qadağalar” məqaləsini Ramiz Əhmədov yazdığından). 1995-ci ilin parlament seçkilərindən sonra isə partiyanın fəaliyyətində durğunluq dövrü başlandı.

Bir çox şəhər, rayon partiya təşkilatları 1996-cı ilin noyabrında Azərbaycan Kommunist Partiyasının (AKP) Nizamnaməsinə uyğun olaraq, ilk partiya təşkilatlarının üçdə birinin təklifi ilə partiyanın növbədənkənar qurultayı çağrıldı və Firudin Həsənov Azərbaycan Kommunist Partiyasının rəhbəri seçildi. Firudin Həsənov 1998-ci il prezident seçkilərində rəsmi olaraq, Azərbaycan Kommunist Partiyasının adından namizədliyi də qeydə alındı. Qısası, 2000-ci ilə qədər Azərbaycan Kommunist Partiyasının fəaliyyəti uğurla gedirdi. Baxmayaraq ki, respublika siyası arenasında 4 qrup kommunist partiyaları fəaliyyət göstərirdi (Firudin Həsənov, Ramiz  Əhmədov, Səyyad Sayadov, Musa Tükanov). Lakin 2000-ci ilin parlament seçkiləri kommunist hərəkatına yeni bir zərbə vurdu. Bütün rəsmi sənədlər Firudin Həsənovda olduğu halda Ramiz Əhmədov qeyri- müəyyən yollarla parlamentdə yer aldı. Bununla razılaşmayan kommunistlər 2001-ci ilin yanvar ayında qurultay keçirib Firudin Həsənovun fəaliyyətinə siyasi qiymət verərək, onu partiya rəhbərliyindən kənarlaşdırdı. Mən partiyanın rəhbəri seçildim. Bizim “Azərbaycan Kommunisti” qəzetində çoxlu sayda yazılar var. 2001-ci ildən Azərbaycan Kommunist Partiyasına rəhbərlik edirəm.

Biz qurultayda qərara gəldik ki, mətbuatda çaşqınlıq salmamaq üçün partiyanın abbreviaturasını dəyişək. Belə də etdik. Partiya Azərbaycan Kommunist Partiyasının marksizm-leninizm platformasında, yəni Azərbaycan Kommunist Partiyasının (m-l) abbreviaturasında 2011-ci ilə kimi fəaliyyət göstərdi. 2011-ci ildə bizim partiya Ramiz Əhmədovun qrupu ilə birgə qurultay keçirib, partiyanın adını Azərbaycan Kommunist Partiyasının saxlanılmasını zəruri hesab etdi və həmin vaxtdan mən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini icra edirəm.

– Bəs, respublika siyasi arenasında neçə kommunist partiyası fəaliyyət göstərir?

 – Hazırda respublika siyasi arenasında beş kommunist qrupları fəaliyyətdədir. Fəaliyyət deyəndə, Rauf Qurbanovun rəhbərlik etdiyi qrupun heç bir sənədi yoxdur və o ,Gennadi Züqanovun himayəsi ilə “fəaliyyət” göstərir, ikincisi Hacı Hacıyevin rəhbərlik etdiyi qrup 2000-ci ildə əldə edilən, qeyri-qanuni olaraq, 20 N-li şəhadətnamə ilə Ramiz Əhmədovun ailəsinə məxsus ofisdə fəaliyyətdədir, üçüncü Musa Tükanovun “bir həsir, bir  Məmmədnəsir” formasında fəaliyyət növü seçibdir, dördüncü Yeni Nəsl Azərbaycan Kommunistləri Niyazi Rəcəbovun başçılığı ilə virtual aləmdə fəaliyyət növü ilə məşğuldur. İndi isə bu yaxınlarda özünün aprel ayında yeni bir kommunist partiyası yaratmaq istəyi olan Ruslan  Nəzərov meydana atılmışdır.

Bilirsiz, belə vəziyyət bizim cəmiyyətdə hələ davam edəcəkdir. Fəqət cəmiyyətimizdə “liderlik” xəstəliyinin virusları çoxdur. Buna bir neçə amillər təsir göstərir. İlk növbədə milli mentalitetimiz, ikincisi, təbiətimizin rəngarəngliyi, üçüncüsü fundamental biliklərimizin aşağı olması (əlbəttə ki, bunu hamıya şamil etmək olmaz!), dördüncüsü, region xəstəliyi, beşincisi isə Moskva sindromudur.

Bunları başa düşmək mümkündür, lakin bu qrup rəhbərlərinin bir araya gələ bilməməsi məsələni çətinləşdirir. Məsələ təkcə ideya ayrılığı olsaydı deyərdik ki, bu oportunisdir, digəri revizionisdir, o birisi blankisdir və s. Dərd ondadır ki, bu               “liderlərin” çoxları marksizmin məğzini başa düşmədən, kommunist hərəkatına qoşulublar. Bunların çoxunda “nostalji” hisləri üstünlük təşkil edir. Mən sizi inandırıram. Çoxları bilmir ki, XX əsrin 20-ci illərinə qədər Rusiya siyasi arenasında (Böyük Oktyabr Sosialist İnqilbından sonra) bir neçə kommunist partiyaları fəaliyyətdə idi. Məsələn, “Xalqçılar-Kommunistlər”, “İnqilabi Kommunist Partiyası” və s. Bu partiyalar əsasən, Rusiya Komitə Partiyasını müdafiə etsələr də, marksizmin bəzi prinsipləri baxımından Böyük Oktyabr Sosialist İnqilabını bir mənalı qarşılamırdılar. Bəziləri inqilabı qəbul etsələr də “proletar diktaturası” ilə razılaşmırdılar. Bu ixtilafların (fikir ayrılıqları) qarşısı yalnız Kominternin II konfransının qərarından sonra (1920-ci ilin əvvəlləri) alındı. Mən əminəm ki, müəyyən vaxtdan sonra bizim kommunistlər bir araya gələcəklər. Məsləhət görərdim ki, kommunist qruplarına rəhbərlik edənlər biri-birilərinə qara yaxmaqdansa bir araya gəlsinlər.

Bilirsiz, bir problem də var. Bu liderlər yaddan çıxarırlar və ya başa düşmək istəmirlər ki, Azərbaycan artıq müstəqil dövlətdir və müstəqil dövlətin siyasi partiyaları da müstəqil olmalıdırlar. Hər bir siyasi partiya beynəlxalq təşkilatlarda təmsil oluna biərlər, onlarla əlaqə yarada bilərlər. Bu, həm partiyanın Nizamnaməsində nəzərdə tutulmuşdur, həm də “Siyasi partiyalar haqqında qanun”a da zidd deyildir. Lakin bir araya gəlmə məsələsində paradoks vəziyyət alınır. Rauf Qurbanov çalışır ki, onunla həmrəy olmaq, yəni bir araya gəlmək, o deməkdir ki, həmrəy olanlar mütləq Rusiya Federasiyası Kommunist Partiyasına (RFKP) meyilli olmalıdırlar. Mən deyirəm ki, yox, gərək bizim partiyanın əlaqə saxladığı Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi (Sov.İKP)-ə meyilli olmalısan. Bu, düzgün yanaşma deyil.

Bizim təklifimiz budur ki,respublika siyasi arenasında fəaliyyət göstərən bütün kommunist qrupları tədbirlərini birgə keçirməlidirlər. Ələlxüsus bu il. Bilirsiz ki, bu il bütün tərəqqipərvər ictimaiyyət Böyük Oktyabr Sosialist İnqilabının 100 illik yubileyini qeyd edəcəkdir. Beynəlxalq əlaqələr müxtəlif ola bilər, lakin ümumi işin xətrinə bir araya gəlmək zərurudir. Hələlik bu təklif çoxlarına çatmır. Bu səbəbdən də sualınıza cavab olaraq qeyd edirəm ki, biz tutarlı bir tədbir keçirə bilmirik. Bir dəfə isə bizim təşəbbüsümüzlə, 2012-ci ildə 200-yaxın insanların iştirakı ilə, (əsasən də gənclər), 1 May tədbiri keçirildi.

Onu da qeyd edim ki, bizim ərazi partiya təşkilatları yaxşı tədbirlər keçirirlər. Bakıda tutarlı tədbirin baş tuta bilməməsinə “Ərəb qılıncı”nı səbəb gətirmək olar. Allah Mirzə Ələkbər Sabirə rəhmət etsin!

Son illər Azərbaycanın xarici və daxili siyasətinə və daxildə gedən proseslərə siyasi partiyalar müxtəlif bəyanatlar verirlər, mitinqlər təşkil edirlər, amma kommunistlərin səsini eşitmirik?

 

– Əvvəla qeyd edim ki, respublikamızda baş verən və eləcə də xaricdə baş verən bütün hadisələr (xüsusən, respublikamızla bağlı məsələlər) Azərbaycan Kommunist Partiyasının diqqətindən yayınmır. Azərbaycan Kommunist Partiyası beynəlxalq kommunist hərəkatının tərkib hissəsi olmaq etibarı ilə xüsusən də respublika siyasi arenasının siyasi partiyası kimi bütün hadisələrlə bağlı bəyanatlar vermişik və veririk. Bu həm bizim “Azərbaycan Kommunisti” qəzetində dərc olunur, eyni zamanda əlaqəli orqanlara, rəsmi qaydada, göndərilir. Lakin necə deyərlər “sən çaldığını çal, gör fələk nə çalır”. Məgər siyasi partiyaların verdikləri bəyanatlar və keçirdikləri mitinqlər respublikamızda nəyi isə dəyişmək iqtidarındadırmı? Hətta ən səmərəli təkliflərin belə qəbul edilmə şansı 1-2% ola bilər. Qaldı mitinqlərə, deməliyəm ki, müxalifət tərəfindən keçirilən tədbirlər əsasən müəyyən “mərkəzdən” maliyyə dəstəyi ilə baş tutur və müəyyən məqsədlər güdür. Onu da deyim ki, bu tədbirlərin məqsədi heç də əməkçi xalqın mənafeyi üçün deyil, “kapitalın” mənafeyinə uyğundur. Azərbaycan kommunistləri isə keçirdikləri tədbirlər zəhmət adamının mənafeyinə xidmət edir.

Bundan əlavə biz dəfələrlə əhalinin sosial siğortalarla təmin edilməsi, təbii sərvətlərdən əldə olunan gəlirlərin müəyyən hissəsinin əhali arasında bölünməsi (Norveç və Ərəb Əmirlikləri ölkələrində olduğu kimi), anadan olan uşaqların sığortalanması, kənd təsərrüfatında kollektiv təsərrüfatların inkişaf etdirilməsi və s. məsələlərlə bağlı təkliflər irəli sürmüşük.

Məlum məsələdir ki, kapitalizmin öz qanunauyğunluqları vardır. Bir də bizdə olan kapitalizm daxili istəkdən deyil, xarici dairələrin təsiri nəticəsində inkişaf etməkdədir. Bu səbəbdən də siyasi partiyaların təklif və bəyanatlarının perspektivliyi, xüsusən də kommunistlərin, yoxdur. Buna baxmayaraq, biz mübarizəmizi məhz bu üsulla aparmaq əzmidəyik.

Kommunistlərin səsini eşitməməyiniz iki səbəbdəndir: birincisi, Kütləvi İnformasiya Vasitəsinin kommunist hərəkatına və solçuluğa biganə münasibətləri, ikincisi, kommunist hərəkatında olan pərakəndəlik, çox mərkəzlilik. Bu cür vəziyyət kommunistlər arasında süstlüyə və inamsızlığa səbəb olur. Digər tərəfdən respublikamızda elə siyasi durum hökm sürməkdədir ki, digər siyasi baxışlı insanlar üçün müəyyən baryerlər, maneələr vardır. Əgər sən başqa partiyaya meyillik göstərirsənsə, dövlət strukturlarının qapıları sənin üzünə bağlıdır. Ancaq sivil, demokratik cəmiyyətlərdə insanlara siyasi baxışlarına görə yox, onların savadına, qabiliyyətlərinə, işgüzarliqlarına uyğun qiymət verilməlidir. Təəssüf ki, bizdə, hələlik, belə deyil.

– Kommunistlərin marksizm-leninizm nəzəriyyəsi olduğu halda kommunist hərəkatında nə üçün pərakəndəlik vardır? Yoxsa bu təşkilati ayrılıqdır?

– Əgər siz kommunist mətbu orqanlarında dərc olunan materiallarla tanış olsanız orada bu məsələ geniş izah edilmişdir. Buna baxmayaraq, kommunistlərin bir ideologiyası, bir nəzəriyyəsi vardır. Bu da dialektik materializmə əsaslanan marksizm-leninizm elmi nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən kommunistlərin məqsədi öz avanqardı olan siyasi partiyanın rəhbərliyi ilə sosial-ədalətin bərqərar olduğu bir cəmiyyət uğrunda mübarizə aparmaqdır. Belə bir cəmiyyəti marksizm klassikləri “kommunizm” ictimai-iqtisadi formasiyası adlandırmışlar. Lakin bu cəmiyyətin qurulması yollarının strategiyası və taktikası baxımından kommunist partiyaları fərqlənirlər. Bəziləri marksizmin təkamül yolunu əsas götürürlər, bəziləri inqilabi yolu prioritet sayırlar və bəziləri də hər iki yolu dialektik vəhdətdə götürürlər. Lakin bizim respublika kommunist hərəkatında vəziyyət bir qədər fərqlidir. Kommunistlərin əksəriyyəti Sovet dövrünün nostalji hisləri ilə yaşayır və marksizm-leninizm prinsiplərinin məğzinə o qədər də varmırlar. Bəziləri isə öz fəaliyyətlərini Moskvadakı sol yönümlü qüvvələrə bağlayırlar. Məsələn, mətbuatda adı çox hallanan Rauf Qurbanov Rusiya Federasiya Kommunist Partiyası (KPRF)-lə sıx əlaqə yaradır ki, bu partiya Rusiyada üzdə olan partiyadır və onlar parlamentdə təmsil olunurlar (aydın məsələdir ki, bu nə səbəbdən edilir). Bəziləri Rusiya Kommunist Bolşeviklər Partiyasına ümid bağlayırlar. İndi də respublika siyasi arenasına yeni bir sol qüvvə kimi meydana atılmaq istəyən bir qrup Maksim Suraykinin rəhbərlik etdiyi Rusiya Kommunistləri Partiyasından dəstək axtarır.

Bizim rəhbərlik etdiyimiz partiya isə 2004-cü ildən fəaliyyətini bərpa etmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi (Sov.İKP) ilə və Rusiya Kommunist Fəhlə Partiyası (Viktor Tülkin) ilə sıx əməkdaşlıq edir. Əslində, qeyd etdiyim kimi, kommunist partiyaları mahiyyət etibarı ilə beynəlmiləlçilik prinsipi əsasında fəaliyyət göstərən siyasi qurum olmaqla, beynəlxalq kommunist hərəkatı ilə sıx əlaqə yaratmalıdırlar. Lakin bu o demək deyil ki, müstəqil respublikanın müstəqil siyasi partiyası özünü digər dövlətin partiyalarından aslı etməlidir. Məhz bu əsas səbəbdir ki, Azərbaycanda kommunistlər bir araya gələ bilmirlər. Digər, tərəfdən əlbətdə ki, “liderlik” ambisiyası var. Bu da ondan irəli gəlir ki, nəinki bizim siravi kommunistlər, heç onlara rəhbərlik edənlərin çoxu partiya tarixindən ibrət götürə bilməyiblər. Partiyanın tarixinə nəzər salsaq görərik ki, Karl Marksdan başlayan kommunist hərəkatında partiyaya rəhbərlik “kolegiallıq” prinsipində aparılmışdır. Yəni, orada partiyanın nə sədri, nə də ki, baş katib və ya birinci katib vəzifələri olmayıbdır. Kommunist partiyasına bir şəxs tərəfindən rəhbərliyin əsası yalnız 1922-ci ildə Leninin təklifi ilə qoyulmuşdur. Onu da qeyd edim ki, XX əsrin 30-cu illərinə qədər partiyaya Siyasi Büro rəhbərlik etmiş və bu qrumun iclaslarını hər dəfə onun bir üzvü tərəfindən aparılırdı. Fikrimcə, tarixi şəraiti nəzərə alaraq, bu və ya digər formalardan istifadə etmək daha zəruri olardı.

Bilirsiniz, çox partiyalılıq hər yerdə mövcuddur. Bu, təhlükəli deyildir.Bizim respublikada XX əsrin 90-cı illərində kommunist partiyasından başqa bir qüvvə də var idi (Xalq cəbhəsi), lakin sonralar bu siyasi qüvvə bir neçə siyasi partiyalara parçalanmasına baxmayaraq,  siyasi partiyaların rəhbərləri bir araya gələ bildilər. Ancaq kommunistlərə rəhbərlik edənlər nədənsə bir araya gəlmək istəmirlər. Bax, problem burdadır. Hamı biri-birinə düşmənçilik münasibəti göstərir. Buna səbəb çox yəqin ki, bizim marksizm-leninizm nəzəriyyəsinin və marksizm klasiklərinin əsərlərinin lazımı səviyyədə dərk edilməməsinin nəticəsidir.

İlahə