access_time Dərc olunub: 15:31
Veteranlar Niderlandda baş verən hadisələrdən narahatdırlar

Ötən gün Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin növbəti iclası keçirilib. 



İclasda Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun altıncı Plenumundan ötən dövr ərzində fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Respublika Veteranlar Təşkilatından TİA.AZ-a bildiriblər ki, iclasda gündəliyə daxil olan bir neçə məsələ müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Veteranlar son günlər Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrdən narahat olduqlarını ifadə ediblər. Bununla əlaqədar Azərbaycan veteranları adından Niderland hökumətinə müraciət qəbul olunub.

Son günlər Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrin insanlıq və humanizmlə bir araya sığmadığının qeyd olunduğu müraciətdə bildirilir: “Özünü Avropanın humanist, tolerant və insan hüquqlarının təminatçısı kimi göstərən bir ölkəsində belə hadisələrin baş verməsi dünyanın harasında törədilməsindən asılı olmayaraq, hadisələrə obyektiv yanaşan insanlar kimi, biz Azərbaycan veteranlarını da ciddi narahat edir. Biz veteranlar Niderlandda yaşayan türk icmasının sərbəst və dinc toplaşmasına imkan verilməməsini, onlara qarşı güc tətbiq edilməsini, eləcə də Niderland hökumətinin Türkiyə hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirləri qərəzli və ziddiyyətli hesab edirik. Bütün bunlar daim bəyan olunan Avropa və ümumən insanlıq dəyərlərinə ziddir. Qədim qitənin inkişaf etmiş bir ölkəsində dini dözümsüzlük, irqi və milli ayrı-seçkilik zəminində yolverilməz hərəkətlərin törədilməsi yalnız acı təəssüf hissi doğurur. Digər tərəfdən, bu hadisələri iki ölkə arasında siyasi böhrana səbəb olan siyasət kimi qiymətləndirir, düşünülməmiş addımlardan məyus olduğumuzu bildiririk”.

Müraciətdə daha sonra deyilir: “Biz xalqımızın tarixən tolerantlığı, sülhsevərliyi ilə seçilməsini fəxrlə qeyd edir, özünü demokratiya nümunəsi hesab edən ölkələrin Azərbaycanın bu gün vətəndaş həmrəyliyi sahəsində həyata keçirdiyi siyasətdən, xüsusilə ölkəmizdə dini, milli və irqi ayrı-seçkiliklərin tamamilə aradan qaldırılmasından nümunə götürməyə səsləyirik. Niderlandı, eləcə də belə mənfi halların baş qaldırdığı istənilən ölkəni Azərbaycan Respublikasının bu sahədə qazandığı siyasi təcrübədən istifadə etməyə çağırır, yalnız xalqlar arasında dostluğun, insan haqlarına hörmətin bərqərar olduğu ölkələrdə inkişaf və tərəqqinin mümkün olduğunu qeyd edirik. Biz Avropanı faşizm, şovinizm bəlasından xilas etmək üçün canından, sağlamlığından keçmiş veteranlar olaraq, Avropada sülhün təminatı üçün təhlükə yaradan eyni halların yenidən təkrarlanması təhlükəsindən və hadisələrin siyasiləşdirilməsindən təəssüflənir, tezliklə bütün bunlara son qoyulması üçün ağılın diktəsi ilə tədbirlər görüləcəyinə, Niderland və Türkiyə arasında baş verən siyasi böhranın aradan qaldırılacağına inanırıq”.

Şərhlər