access_time Dərc olunub: 17:45
Tərtərdə “Narkomaniyaya yox deyək” adlı tədbir

Fevralın 24-də Gənclər Mərkəzində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirdi.

Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etmişlər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.
 

Rayon polisi şöbəsinin rəisi Rauf Məcidov, rayon prokuroru Azər Hətəmov, baş həkimin müavini Sevda Əliyeva, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, gənc müəllim Nigar Məstalıyeva çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verdilər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Çıxışçılar bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğuladılar.

Şərhlər