access_time Dərc olunub: 13:36
Avetiyan İrəvana gedir: “Azərbaycanlılardan xahiş edirəm...”

Məşhur erməni yazar Vahe Avetiyan yazda İrəvana səfər edəcək.


TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı yazar öz Feysbuk səhifəsində paylaşıb. Avetiyan CBC telekanalına müsahibəsindən sonra çoxsaylı hücumlara məruz qaldığını və öz ölkəsində demokratiyanın olmaması ilə bağlı yazısının Azərbaycandakı bütün Qərb ölkələrinin səfirliklərinə çatdırılmasını xahiş edib:

“Mən 25 ildir ki, öz ədəbi və siyasi fəaliyyətim ucbatından hücumlara məruz qalıram. Lakin Azərbaycanın CBC televiziyasına müsahibədə Azərbaycan xalqına başsağlığı verməyimdən sonra olan hücumlar sayına və təşkilatçılığına görə heç nə ilə müqayisə edilə bilməz. Məndə özümə əziz olan hər kəsi, mərhum valideynlərimi, ailəmi, yaxınlarımı təhqir edən və hətta 4 yaşlı qızımı zorlayıb, öldürəcəklərini deyən minlərlə məktub və insan adı var. Lakin hər şeyin ictimai şəkildə, internetdə olmasına baxmayaraq, heç bir ictimai xadim, hüquq müdafiəçisi, jurnalist azğın itləri ağıllandırmağa çalışmır. Ona görə də sizə müraciət edirəm. Mənim ölkəmdə azad mətbuat yoxdur.

Bu haqda qrantları ilə cinayətkarları bəsləyən demokratik ölkələrin səfirlikləri də susurlar. Bu susqunluq sürgündə olan bütün erməni yazıçıları üçün on ildən də çox davam edəcək. Olanlara reaksiya verməyə məsul olan adamların polis də daxil olmaqla səssizliyi mənə hücum edən cahil qrupda cəzasızlıq hissi yaradır. Elitadan heç kim mənimlə debata çıxmır.

Son iki həftə ərzində o qədər sırtıqlaşıblar ki, artıq rəsmi media da məni öldürmək çağırışları edir. “Aravot”, “Xayoç Aşxar” qəzeti, “1in.am” saytı, “Van” radiosu və digərləri birbaşa məqalələrlə ölümə çağırış edirlər. Mən bu məqaləni dərc etməyinizi, Bakıdakı bütün demokratik ölkələrin səfirliklərinə çatdırılmasını, onların İrəvandakı həmkarlarının fəaliyyətlərindən şübhələrinizi bildirməyinizi xahiş edirəm.

Yazda mən İrəvana səfər etməyi planlaşdırıram. Əgər erməni polisi, özü özünü təyin edən xunta, demokratik səfirliklərdən insan haqları ilə bağlı qrant alan hüquq müdafiəçiləri bu təşkilatlanmış hücumun qarşısını almasalar, o zaman mən mənə fiziki hücum edəcək bir neçə nəfərin o biri dünyaya düşməyəcəyinə zəmanət vermirəm. Mən qabaqcadan xəbərdar edirəm ki, öz üzərimdən bütün məsuliyyəti atıram”.

Qeyd edək ki, Vahe Avetiyan bir müddət öncə Bakıya səfər edib. O, səfəri zamanı Bakı Sülh Platformasını dəstəklədiyini və Qarabağın Azərbaycana geri qaytarılması gərəkdiyini bildirib, Xocalı soyqırımı abidəsini ziyarət edib. Bundan sonra ona qarşı kəskin hücumlar başlayıb.

Şərhlər