access_time Dərc olunub: 10:56
Kənd təsərrüfatı məhsulları bahalaşır

Mövsümün dəyişməsi ilə bağlı paytaxtın kənd təsərrüfatı məhsulları bazarında qiymət artımı davam edir. Xüsusən gündəlik tələbat məhsulları olan meyvə-tərəvəzin qiymətində bu artım özünü göstərir. Qiymətlərlə bağlı son durumu öyrənmək üçün əhalinin ən çox axın etdiyi “8-ci kilometr” bazarına baş çəkdik.

Burada hər zaman olduğu kimi alıcı sıxlığı hiss olunur. Digər kiçik bazarlarla müqayisədə bu bazarda qiymətlər daha ucuzdur. Bu baxımdan aztəminatlı və orta təbəqə üçün ən sərfəli bazarlardan biri sayılır. Buna baxmayaraq qiymət artımı “8-ci kilometr” bazarından da yan keçməyib. Ümumi qiymət artımı burada da özünü göstərir.

Hələ qış fəsli başlamasa da, Azərbaycan mətbəxində ən çox istifadə olunan kartof 1 manata qalxıb. Xüsusən də yerli kartofun kiloqramını 1 manatdan ucuz tapmaq mümkün deyil. Bu isə o deməkdir ki, ilin sonuna doğru yerli kartof 1.30 manatdan dan aşağı olmayacaq.

Bazarda Şəmkir, Tovuz kartofu adı ilə 70-80 qəpikdən təklif olunan kartofun əksəriyyəti xaricdən, xüsusən də Rusiyadan, Gürcüstandan idxal olunur və dadına görə yerli kartofun yerini vermir. Lakin imkanı olmayanlar üçün bazarda ucuz alternativ malların olması da bir üstünlükdür. Xatırladaq ki, 80 qəpiyə satılan bu məhsul 15-20 gün öncə 50-60 qəpikdən baha deyildi.

Soğanın qiyməti isə bu il ümumiyyətlə, ötən illə müqayisədə baha oldu. Ötən il pərakəndə satışda 30 qəpiyi ötməyən soğanın indi ən ucuzu 50 qəpiyə satılır. Satıcılar deyir ki, səbəb bu il soğan əkininin az olmasıdır. Əsasən Ağdamdan gətirilən soğan ötən il o qədər bol olub ki, fermerlər məhsulu tam sata bilməyiblər. Bu səbəbdən bu il soğan daha az əkilib və göründüyü kimi bu da qiymətdə özünü göstərir. Əvvəllər bazarda 4 manat olan Hövsan soğanının kiloqramı isə hazırda 5 manata satılır. Sarımsağın 1 kiloqramı isə 6 manatdan təklif olunur.

Tərəvəzlərdən ən çox bahalaşanlardan biri də kələmdir . Hazırda Bərdə kələminin 1 kiloqramı 1 manatdır. Xiyarın qiyməti 1 manata, pomidorun qiyməti isə 1.50-2 manata yüksəlib. Hazırda bazarda ən ucuz məhsul göyərtidir ki, onun da 1 dəstəsi 10 qəpiyə təklif olunur. Turpun kiloqramı isə 1 manatdan ucuz deyil.

Meyvələrdən almanın kiloqramı 50 qəpikdən başlayır. Nar isə ötən illərlə müqayisədə bu il daha bahadır, kiloqramı 1- 2.50 manat arasında dəyişir. Feyxoanın kiloqramı 80 qəpikdən 1. 50 manata qədər, xurma 1 manata, narıngi 1- 1.50 manat arasında dəyişir. Xaricdən gətirilən meyvələrin qiyməti 2 manatın üzərindədir. Bananın kiloqramı 2.20 manata təklif olunur.

Qərzəkli məhsulların qiymətini də mövsümi baxımdan baha hesab etmək olar. Hazırda qərzəkli qozun 1 kiloqramı 6-7 manata, fındığın kiloqramı 5-6 manata, şabalıd isə 5 manatadır.

Ləpələrə gəlincə, qoz ləpəsi nisbətən ucuzlaşıb, qiymətlər 10-12 manatdan başlayır, 18 manata kimi qalxır. Fındıq ləpəsi isə 14-15 manata təklif olunur. Noxud, lobya, mərci kimi məhsulların qiymətində isə elə bir fərq müşahidə olunmur.

Ağartı məhsullarının qiyməti isə təxminən 50 qəpik civarında qalxıb. Bazarda kənd yumurtasının 1 ədədi 25-3- qəpik arasındadır. Alıcılar qiymət artımından narahat olsa da, bunu təbii bir hal kimi qəbul edirlər.

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bu artımın əsasən mövsümi amillərlə bağlı olduğunu vurğuladı: “Ümumiyyətlə, 2017-ci ildə qiymətlərin artması bütün sahələrdə müşahidə olundu , ərzaq sahəsində isə daha çox oldu. Bunun səbəblərini də biz dəfələrlə müşahidə etmişik. Ancaq son günlərdə bahalaşmanın əsas qaynağı mövsümi amillərdir. Azərbaycanda artıq təsərrüfat ili son çatır. Son dövrlərdə havaların soyuması, mövsümün yekunlaşması və bazara öncədən yığılmış məhsulların təklif edilməsi dövrü başlayır. Bu səbəbdən hazırda bazarda təklif olunan məhsulların qiymətində artım davam edir. Bu artım sonrakı həftələrdə və aylarda da müəyyən həddə qədər davam edəcək. Əsas məsələ təklif olunan məhsulun həcminin bazarda tələbdən nisbətən aşağı olması və eyni zamanda , saxlanma xərcləri və sair kimi xərclərin də maya dəyərinə əlavə olunması məhsulun son satış qiymətinə təsir edir. Bu proses təxminən mart ayına kimi davam edəcək. Ola bilsin ki, növbəti günlərdə artıq qiymət artımları müşahidə edən idxalla məşğul olan sahibkarlar, tələbatın çox olduğu məhsulları xaricdən ölkə bazarına gətirisinlər. Beləliklə də qiymətlərdə müəyyən qədər sabitləşmə baş versin. Hesab etmirəm ki, qiymətlər bundan sonra azalan istiqamətdə dinamika nümayiş etdirəcək. Ancaq bu təşəbbüslər qiymətlərin daha çox bahalaşmasını əngəlləyə bilər”.

Qeyd edək ki, qiymət artımına son zamanlar kənd təsərrüfatı məhsullarının ixracının artması da səbəb ola bilər. Belə ki, 2017-ci ilin səkkiz ayı ərzində Azərbaycan 374,8 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac edib. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi mətbuatda dərc olunan məqaləsində yazılıb. Qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz çoxdur. Bundan başqa, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb. \\musavat.com\\

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort