access_time Dərc olunub: 17:47
Azərbaycanlı alim yeni vaksin kəşf etdi

TİA.AZ publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib.

AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professor Tərlan Məmmədov “Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda elmi məruzə ilə çıxış edib.
T.Məmmədov bildirib ki, vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindəndir.
O, qeyd edib ki, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s. vasitəsilə həyata keçirilir. Alim bildirib ki, son illər bitki ekspressiya sistemləri iqtisadi və təhlükəsizlik baxımından ən perspektivli olduğu üçün istehsalda daha çox istifadə edilir.
“Müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti yaranırdı. Bu məqsədlə daha mükəmməl texnologiya hazırlanıb. İlk dəfə olaraq bu texnologiyadan istifadə etməklə malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub. Alınan nəticələr patentləşdirilib və nüfuzlu “PLOS ONE” jurnalında çap olunub”.
Alim vurğulayıb ki, bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır. Professor rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini də deyib. Onu da əlavə edib ki, insan və heyvanlar üçün qiymətli dərman preparatlarının bu yolla ölkə daxilində istehsalı ölkəmizin bu məhsulların idxaldan asılılığın azalmasına imkan yaradacaq.

Şərhlər