Tribuna İnformasiya Agentliyi

“Sosial mənzil” şərtləri etirazla qarşılandı- RƏYLƏR

07 Aprel

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başlayır. Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-dən başlayaraq avqustun 7-dək davam edəcək.

Bir çoxlarının ümidlə gözlədiyi sosial evlərin satış şərtləri isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Şərtlərin ipotekadan fərqlənmədiyini deyənlər aztəminatlı ailələrin layihədən yararlana bilməyəcəyindən narahatdırlar.”Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, dünyanın heç bir yerində sosial mənzillər satışa çıxarılmır və adətən bələdiyyə mülküyyətində olur: “Uzaq Avropadan tutmuş yaxın Türkiyə və İranadək sosial evlər yoxsul insanlara güzəştli şərtlərlə qısamüddətli və ya uzunmüddətli (ailənin durumundan asılı olaraq) kirayə verilir. Kirayə qiyməti də simvolik məbləğlər olur. Məsələn, 5-10 dollar, bu da binanın xidmət xərclərini qarşılamaq üçündür. Əksər yerlərdə binanın xidmət xərclərini belə bələdiyyələr özləri qarşılayırlar. Çünki sosial binalara ödəmək qabiliyyəti olmayan zümrə yerləşdirilir, onlardan gəlir əldə etmək barədə düşünmək bəşəri baxımdan ant-insani, dini baxımdan günahdır.

Azərbaycanda sosial evləri tikintisini və idarəolunmasını bələdiyyələr yox, mərkəzi icra hakimiyyəti öz üzərinə götürdü – Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Ancaq az sonra bəlli oldu ki, sosial mənzillər “sosial mənzil” ideyasının ziddinə olaraq satışa çıxarılacaq. Niyə sosial mənzillər satışa çıxarıla bilməz? Çünki yoxsulluq daimi deyil. İnsanlar hansısa mərhələdə yüksək maaşlı iş yeri tapa bilər və ya gedib özünə xırda biznes qura bilər. Məsələn, tutaq ki, tək qadın köməksiz vəziyyətdə 2 uşaq böyüdür. Bir mərhələdən sonra uşaqlar universitetə daxil olur, oranı bitirir və yüksək maaşlı işə düzəlirlər. Bununla da artıq sosial mənzildə yaşamaq hüququnu itirirlər və mənzil təhvil verilir. Təbii ki, növbəti yoxsul ailə gəlib həmin mənzildə yaşamaq hüququ əldə edir.

Mənzil İnşaatı Dövlət Agentliyinin şərtləri nəinki yoxsulların, hətta kasıblar üçün belə sosial mənzilləri əlçatmaz edir. Satışa çıxarılan 260 mənzilin qiyməti belə müəyyən edilib:

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.

Bir otaqlı üçün aylıq ödəniş 129-136, ikiotaqlı üçün 203-236, üçotaqlı üçün 282-288 manatdır. Sadə hesablama yolu ilə bəlli olur ki, bu məbləğlər ödəmək üçün böyük rəsmi gəlirlər olmalıdır. Məsələn, tutaq ki, orta statistik ailə (ər-arvad+2azyaşlı uşaq) 1 otaqlı sosial mənzil almaq üçün müraciət edib. 2018-ci il üçün yaşayış minimumu haqqında qanuna görə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib – orta göstərici 173 manat. Deməli, 1 otaqlı ev almaq üçün onların gəlirləri 803 manatdan az olmamalıdır (ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 129 AZN = 803 AZN). Bank kalkulyatoru da məhz belə hesablayır – rəsmi gəlirlərdən adambaşına yaşayş minimumu çıxılır, yerdə qalan vəsait isə kredit ödənişi kimi hesablanır. Sosial binalardan 3 otaqlı mənzil almaq üçünsə deputat maaşına yaxın bir məbləğ tələb edilir – ər və arvadın minimum yaşayış xərci 366 AZN + 2 uşağın yaşayış xərci 308 AZN+ aylıq ödəniş 288 AZN = 962 AZN (deputatların maaşı 1350 manatdır, müavinətləri saymasaq).

Agentlik bəyan edib ki, sosial mənzilin 1 kavadrat metri 950 manata vətəndaşlara təklif edilir. Maya dəyəri 300-350 manata başa gələn mənzillər niyə 950 manata təklif edilir? Özəl şirkətlərdə belə mənzilin 1 kvadrat metri 200-250 manata başa gəlir (təmirsiz). Hər kvadrata da 100-120 manat da təmir xərci əlavə etsək, maya dəyər 300-370 manatdan çox olmamalıdır. Ancaq maya dəyərdən 3 dəfə baha qiymətə “yoxsullara” mənzil satılır. Özü də özəl şirkətlərin xərci daha çoxdur – ən azı torpağı pulla alırlar. Agentliyə isə torpaq dövlət hesabına verilib.

Nəhayət, sosial mənzil nağd pula satılması variantı layihənin sosiallıqdan əsər-əlamət daşımadığını tam çılpaqlığı ilə ortaya qoyur. Agentlik hətta nağd alana 10 faiz endirim də edir. Çox sadə bir sual isə cavabsız qalır – nağd şəkildə 30-65 min manat pulu olan niyə yoxsul sayılmalıdır? Camaatla niyə məzələnirsiniz? Birdəfəlik deyin ki, mənzil alveri ilə məşğulluq, vəssalam!”

Tanınmış jurnalist Ülkər Abdullayeva da şərtlərdən narazıdır. AFN-ə açıqlamasında o bildirib ki, qaydalarla tam tanış olmasa da, şərtlərin ağır, tələb olunan sənədlərin absurd olması ilə bağlı rəylərlə tanışdır: “Çətin ki, aztəminatlı ailələr sosal mənzillərdən yararlana bilsin. Üstəlik, yəqin ki, artıq səlahiyyətli qurumların qohum-əqrəbaya, tanış-bilişə yaşıl işıq yandırması, tapşırıq, rüşvət, hörmət və s. tipli azərbaycansayağı neqativ hallar sosial mənzil siyasətinə də bulaşmağa başlayıb. Azərbaycanda bütün gözəl ideyalar bu cür səbəblər üzündən bərbadlaşdığı kimi, görünür, sosial mənzil ideyası da bərbad olacaq. Doğrudur, sonradan bunu bəh-bəhlə camaata “mənzil almaq üçün ədalətli şərait və şərtlər” kimi sırıyacaqlar. Amma bu, reallıqları dəyişməyəcək. Sosial mənzillər ölkənin hər bir aztəminatlı vətəndaşı üçün əlçatan olmalı idi. Şərtləri, qiymətləri, tələbləri elə qoymalı idilər ki, bu, həqiqətən də vətəndaşın mənzilə olan tələbatını layiqli şəkildə təmin etsin. Amma təəssüf ki, belə görünmür. Üstəlik, 35 yaş həddi də çox gülüncdür. Ölkədə yaşı 40-ı keçmiş çox sayda insan var ki, başını soxacaq bir koması yoxdur və bundan sonra da olacağı ehtimal edilmir. Sosial mənzil məsələsi mənə nədənsə “jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması” istiqamətində dövlətin atdığı addımları xatırlatdı…”
AFN-in redaktoru, araşdırmaçı jurnalist Həbibə Abdullanın sözlərinə görə, sosial evlər layihəsi ipoteka proqramı kimi iflasa uğramış hesab oluna bilər: “Demək olar ki, eynilə ipoteka almaq üçün irəli sürülən şərtlər – gəlirlərlə bağlı, yaşla bağlı və s. qoyulub. Bu isə ondan xəbər verir ki, Azərbaycanda evsizlər siyahısında olan on minlərlə gəncin çox cüzi bir hissəsi layihədən yararlana biləcək. Yaxşı olardı ki, müvafiq qurumlar öncə başqa ölkələrin təcrübələrini araşdıraydılar, ən yaxşı təcrübəni tətbiq edəydilər. Lakin təəssüf ki, bizdə heç yerdə olmayan yeni təcrübə yaradıldı – sosial mənzillər layihəsi yeni yaradılmış dövlət qurumuna həvalə edildi, ağır şərtlər irəli sürüldü. Düşünürəm ki, yeni mənzillər tikməyə də ehtiyac yox idi. Dövlət büdcəsindən ayrılan vəsaitlər el məsəlində deyildiyi kimi, yarı unluğa-yarı dənliyə xərclənməkdənsə paytaxtda tikilib satılmayan saysız-hesabsız mənzillərin kredit yolu ilə ehtiyaclı olan ailələr tərəfindən alınmasına yönəldiləydi. Bu zaman daha az faiz, daha yüngül şərtlər tətbiq etmək olardı. Toplanan vəsaitlər yenidən kreditləşməyə yönəldilər və bununla da həm imkansızlar ev sahibi olardılar, həm mənzilini satan sahibkar vasitəsilə dövlət büdcəsi qazanardı. İndiki halda orta statistik azərbaycanlı ailəsi sosial evlərdən ev sahibi ola bilməyəcək, bu, gün kimi aydın olan məsələdir”.