Tribuna İnformasiya Agentliyi

“Sosial evlər”i bu şirkət tikəcək – “Kristal Abşeron”

15 Aprel

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “güzəştli mənzillər”in tikintisi ilə bağlı tenderin qalibi məlum olub.

Sosium.az xəbər verir ki, 15,4 ha ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu “Kristal Abşeron” şirkəti reallaşdıracaq. Daha dəqiq desək, “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir.

Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli) yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı isə 3 otaqlı, 27-si 4 otaqlı) MİDA-nın sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün “Kristal Abşeron” tərəfindən investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

“Kristal Abşeron” şirkətinin bu yatırımı həcminə görə MİDA tərəfindən indiyə qədər cəlb olunmuş ən böyük məbləğdir. Buna qədər Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində tikinti işlərinin aparılması üçün MİDA tərəfindən 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manat investisiya vəsaitinin 11 milyon manat hissəsi reallaşdırılmışdır.