Tribuna İnformasiya Agentliyi

Sosial ev almaq istəyənlər belə aldadılıb – onlardan biri polkovnikdir

04 May

Bakıda vətəndaşlara sosial evlər satacaqlarını vəd edərək dələduzluq etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Məhəmməd Qafarov, Leyla İsmayova, Ülviyyə Abdalova və Eldar Salayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Toğrul Səfərov ifadə verib.

O söyləyib ki, təqsirləndirilən şəxslərdən Məhəmməd Qafarovun oğlu Samir ilə dost olub. Dostu ilə görüşən zaman atasının sosial evlər payladığını eşidib. O da ev almaq üçün Məhəmməd Qafarova müraciət edib:

“ASAN xidmətə getdik. Orada dedilər ki, ödəniş edilməlidir. Məhəmməd müəllimin yanında olan iki xanımla getmişdik. Mən 10 min manatı Məhəmməd Qafarova vermişəm. Sonra ofisdən gəlib sənədləri aldım.

Sonra bu söhbətlər çıxandan sonra dostum Samir gətirib mənim pulumu qaytardı. Şikayət və tələbim yoxdur”.

Zərərçəkmiş təqsirləndirilən şəxslərə cəza verilməməsini istəyib.

Şahid İradə Məmmədova da məhkəmədə ifadə verib.

O deyib ki, təqsirləndirilənlərdən şəxslərdən Məhəmməd Qafarovla dost olub:

“Uzun illər dost olmuşuq. Onun ofisinə gedirdim. Hərdən işlərinə də kömək edirdim. Ofisdə torpaq, ev alqı-satqısı həyata keçirilirdi. Mən sosial evlərin satılmasında iştirak etməmişəm, amma xəbərim olub.

Ülviyyə Abdalova deyirdi ki, şəhid ailəsidir. Ona bir neçə ev verildiyini deyirdi. Bunu ofisdə olan hamı bilirdi. Sonra yenə də ev verildiyini dedi. İşlər uzandı”- deyə şahid bildirib.

İradə Məmmədova söyləyib ki, sosial ev almaq üçün müraciət edən şəxslərin ödədiyi puldan 1800 manat təqsirləndirilən şəxslərdən Leyla İsmayılova və Ülviyyə Abdalova götürərək ASAN Xidmətə aparıblar: “Orada ödəniş edirdilər. Mən bunları bilirdim. Heç bir sənəd görməmişəm. Satılan evlərin, edilən ödənişlərin qəbzlərini görməmişəm. Amma bilirdim ki, Məhəmməd müəllim onlara maşın verirdi, gedirdilər”.

Məhkəmənin növbəti iclası mayın 11-də keçiriləcək.

Məlumata görə, təqdirləndirilən şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə ediblər.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluğu dələduzluq hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, Axərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan mütərəqqi islahatların tərkib hissəsi kimi son illər əhalinin mənzilə olan ehtiyacının ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülməkdədir.

Lakin buna baxmayaraq, öz şəxsi mənafelərini güdmək məqsədilə dövlətin iqtisadi-maliyyə münasibətlərinə, əhalinin sosial müdafiəsinin həyata keçirilməsi sahəsində siyasətinin nüfuzuna xələl gətirən, vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədən bəzi iş adamlarının qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyitərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq vətəndaşların etibarından sui-istifafə edərək onlara ev satacaqlarını vəd ediblər.

Cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilib və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, təqdirləndirilən şəxslərin hər biri ev dustaqlığındadır. Onlardan Eldar Salayev Daxili İşlər Nazirliyinin sabiq polkovnikidir.