“Son 20 ildə Azərbaycanda uşaqların sayı 300 min nəfər azalıb” – Qubad İbadoğlubackend

“Son 20 ildə Azərbaycanda uşaqların sayı 300 min nəfər azalıb” – Qubad İbadoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda ölkə əhalisinin 26,5 faizini 0-17 yaşlı uşaqlar təşkil edir. Son 20 ildə bu yaş qrupu üzrə uşaqların sayı 300 min nəfərdək, cəmi əhalidə xüsusi çəkisi isə 2,5 faiz bəndindən çox azalıb. Uşaqların sayının azalması xüsusi ilə də şəhərlərdə daha xarakterik hal alıb”.

TİA.AZ xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

Ekspert hesab edir ki, uşaqlarının sayının azalmasının səbəblərindən biri onlara yetərli qayğının göstərilməməsidir: “Baxmayaraq yoxsulluq daha çox çoxuşaqlı ailələrə xasdır, amma belə ailələr üçün əvvəllər mövcud olmuş güzəştlərin bir çoxu aradan qaldırılıb. Azərbaycan yerləşdiyi coğrafiyada uşaqlara sosial müavinət ödəməyən azsaylı ölkələrdəndir”.

Q. İbadoğlu qeyd edir ki, ölkədə uşaqların təhsil və səhiyyə təminatında problemlər mövcuddur.

“Xüsusilə kənd rayonlarında uşaqlar təhsilin yuxarı siniflərində məktəbdən ayrılır və ailələrinə maddi kömək olmaq üçün aqrar təsərrüfatlarda çalışırlar. Uşaqlar arasında qan, həzm, sinir sisteminin xəstəliklərinin dinamikası davamlı olaraq artır. Xüsusilə də şəhərlərdə şəxsi mənzillərdə yaşayan əksər ailələrdə uşaqların ayrıca otaqları yoxdur”,-deyə o vurğulayıb.

İqtisadçının sözlərinə görə, uşaqların dincəlməsi üçün əvvəllər mövcud olmuş istirahət düşərgələrinin özəlləşdirilərək, profilinin dəyişdirilməsi səbəbindən onların yay və qış tətillərində asudə vaxtının səmərəli təşkilində problemlər mövcuddur.