Tribuna İnformasiya Agentliyi

Son 1 ildə Urmiya gölünün sahəsi 23 kv. kilometr kiçilib

09 Aprel
Cənubi Azərbaycanın qərbində yerləşən Urmiya gölünün sahəsi ötən 1 il ərzində quraqlıq səbəbindən 23 kv. kilometr kiçilib.
Qaynarinfo xəbər verir ki, bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.
Urmiya Gölünü Canlandırma Qurumunun Qərbi Azərbaycan üzrə direktoru Fərhad Sərxoşun sözlərinə görə hazırda gölün sahəsi 2276 Kv. km-dir. Bu isə ötən illə müqayisədə gölün sahəsinin 23 kv. km azalması deməkdir. Qurum sədri göldə suyun səviyyəsinin də 2 santimetr aşağı düşdüyünü deyib.
Urmiya gölü duzluluq dərəcəsinə görə dünyada üçüncü yeri tutur. Quraqlıqdan öncə gölün sahəsi 5200 kv. kilometr olub. Ən dərin nöqtəsi 16 metr olan gölün təxminən 3000 kv. kilometr sahəsi quruyub. Urmiya gölünün quruması ətrafda əkinçilik və maldarlıqla məşğul olan insanların təsərrüfatına mənfi təsir edib.
Qeyd edək ki, quraqlıqla mübarizə aparan gölü yenidən canlandırmaq İranın hazırkı prezidenti Həsən Ruhaninin prezident seçkilərində verdiyi və bu günə qədər gerçəkləşdirə bilmədiyi vədlərdən biridir. Ruhani hakimiyyətə gəldikdən sonra gölü 10 il ərzində əvvəlki vəziyyətinə qaytarmaq məqsədilə ölkənin ən böyük büdcəli layihəsini həyata keçirmək üçün büdcədən 6 milyard dollar ayırıb.