Tribuna İnformasiya Agentliyi

Sökülməsi tələb olunan sənədsiz evlərə kompensasiya düşürmü? –AÇIQLAMA

22 May

Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu məsələnin həm Bakıda, həm bütün respublikada öz həllini tapacağına dair məlumat verib.

Fərdi yaşayış evini sənədləşdirmək üçün vətəndaşlar hara müraciət etməli və aldadılmadan öz mülklərinin sahibi olmaq üçün nələrə diqqət etməlidir?

İnsider.az- a açıqlamasında əmlak eksperti Vüqar Oruc bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

“İlk olaraq nəzərə çatdırım ki, qanunsuz tikililərin rəsmiləşdirilməsi, onların yenidən qeydiyyatı, eləcə də sökülməsi məsələləri yerli icra orqanlarının birbaşa səlahiyyətindədir. Hər hansı şəxs, hər hansı bir vətəndaş özünə ev tikir, mülk əldə edirsə, bu zaman müvafiq ərazi nümayəndəliyi, icra qurumu ilə bu məsələləri tənzimlənməlidir.

Əvvəlki qanuna görə öncədən icazə alınması mütləq idi. Vətəndaş müvafiq icra orqanının arxitektura-memarlıq  qurumu ilə razılaşdırmalı idi. Tikintini başlamaq üçün bir çox sənədlər tələb olunurdu. Bu tələblər də bürokratik əngəllərin yaradılmasına səbəb olur və nəticədə vətəndaş bu əngəllərlə üzləşməsin deyə, məcburən “başqa variantlara” əl atırdı.

Hal-hazırda ölkədə çoxlu sayda qeydiyyatdan keçməyən tikililər var. Bu tikililərin içərisində hamısını qanunsuz saymaq olmaz. Elə buna görə də ölkə rəhbərliyi bununla bağlı müvafiq sərəncamlar verdi. Bürokratik əngəllərin aradan qaldırılması, vətəndaşların ev tikmək üçün konstitusiya hüquqlarının bərpası, problemsiz, şəffaf qaydada həyata keçirilməsi üçün müvafiq qaydada addımlar atılıb. Bu addımlardan biri ev tikmək üçün müraciət qaydalarının yenidən təkmilləşdirilməsidir. Son dəyişikliklərə görə nəzarət edən qurumdan ayrılmış 10 gün müddətində müraciətə cavab verilməlidir. Həmin müraciətə cavab verilərkən, əgər həmin ərazidə tikinti aparılması üçün uyğundursa, yüksək gərginlik olan sahəyə düşmürsə və ya dövlət əhəmiyyətli ərazidə deyilsə, qonşular üçün hər hansısa bir maneə yaratmırsa, məsələn kiminsə həyətinin qarşısını kəsmirsə, kiminsə həyətdən çıxışının qarşısını almırsa, yola müdaxilə etmirsə, nəqliyyat vasitələrinin hərəkəti üçün problem yaratmırsa, hətta müvafiq icra qurumu 10 gün ərzində qaydalara uyğun şəkildə etiraz etməsə belə vətəndaşın öz evini tikmək, özünə mülkiyyət əldə etmək məqsədi ilə tikinti işləri aparmaq hüququ var”.

Vəkil Səməd Vəkilov da sözügedən məsələyə aydınlıq gətirib:

“Bakıda evlərin qeydiyyata alınması problemi yüksəkdir. Qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu məsələnin həlli, şəffaf mexanizmdə həyata keçirilməsi üçün Prezidentin 2011-ci il tarixdəki çıxışına əsasən Komissiya yaradıldı. Qanunsuz tikililər qeydiyyata alındı, lakin sənədləşmənin həyata keçirilməsi ilə bağlı qanun layihəsi hazırlanmadı. Bu səbəbdən yenidən bu məsələ aktuallaşıb. Sənədsiz evlərdə yaşayan insanlar öz hüquqlarını reallaşdırmaqda çətinlik çəkirlər. Bu məsələ qısa müddətə öz həllini tapmalıdır.

Vətəndaşlar bu məsələ ilə əlaqədar Bakı İcra Hakimiyyəti nəzdində komissiyaya müraciət etməlidirlər”.

Hüquq sözçüsü əsasən Neft Şirkətinin ərazisində yerləşən sənədsiz evlərin sökülməsi ilə bağlı tələblər olduğunu qeyd edib.

İqtisadçı ekspert həmçinin ölkə vətəndaşlarının maarrifləndirilmədiyi üçün hələ də köhnə qaydalarla fəaliyyət prinsipləri həyata keçirildiyini qeyd edib:

“Məsələn, bir çox vətəndaşlarımız ev tikərkən yenə də icra qurumuna müraciət edir. Müxtəlif variantlar, ödənişlər təklif edirlər.

Yeni qanuna görə qaydalara riayət edərək hər bir vətəndaşın azad ev tikmək hüququ var”.

Səməd Vəkilov sökülməsi tələb olunan tikintiyə kompensasiya ayrılmasının hansı halda mümkünlüyünü, vətəndaşın hansı halda buna hüququ olduğunu da açıqlayıb:

“Əgər kommunal xidmətlər şəxsin adınadırsa, kompensasiya tələb edə bilər. Qanunsuz tikililərdə də kommunal xidmətləri vətəndaş öz adına keçirə bilər.  Bu problem yaradacaq bir şey deyil, xidmət varsa, faktiki yaşayan şəxslərin adına rəsmiləşdirilir”.

Vüqar Oruc tikilmiş evin tikinti üçün əlverişli olmayan ərazidə olması səbəbindən sənədləşdirilməsinin mümkün olmadığı halda vətəndaşın çəkdiyi xərcə görə kompensasiya ödənilməsi məsələsinə də münasibət bildirib:

“Kompensasiya məsələsinə gəldikdə isə əgər tikili artıq hazırdırsa, qeyri-qanuni hər hansı proseslərin nəticəsində bu tikintiyə göz yumulubsa, bunların araşdırılması asan olmadığı üçün vətəndaşın zərərinin qarşılanması məsələsi həll olunmalıdır. Çünki bütün variantlarda vətəndaş mövcud tikilinin başa gəlməsinə xərc çəkibdir. Ona görə də bununla bağlı mütləq kompensasiya ödənilməlidir. Eyni tikilinin başqa bir ərazidə başqa şərtlər altında qanuni şəkildə tikilməsi üçün onlara imkan yaradılmalıdır. Qanunsuz tikili olaraq həmin tikilinin sökülməsinin kompensasiyasız qalması dövlətimizin elan elədiyi sosial dövlət prinsiplərinə uyğun deyil. Həm dövlət rəhbərliyi, həm Azərbaycan dövlət strukturları vətəndaşların belə sosial-iqtisadi problemlərlə üzləşməsinə  imkan verməz. Qanunvericiliyə uyğun şəkildə həll olunmasına şərait yaradılır”.