Tribuna İnformasiya Agentliyi

İsmayıllıda at əti satanlar tutulub

14 Dekabr

İsmayıllı rayonunda qanunsuz at kəsimi faktı aşkar edilib. 

İsmayıllı rayonunda qanunsuz at kəsimi faktı aşkar edilib.

Bu barədə TİA.AZ-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) verilən məlumatda bildirilir. DBNX-nin İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında bu gün birgə reyd keçirilib. Reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini, 1967-ci il təvəllüdlü Həsənov Saleh Əmirxan oğlu gizlin şəkildə, qanunsuz olaraq Qubaxəlilli kəndinin qışlağında 3 baş atı kəsərkən aşkar edilib.

Araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyən edilib. Kəsilmiş at cəmdəklərinin çəkisi 210 kq miqdarında olub.

Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.