Tribuna İnformasiya Agentliyi

Slovakiyanın xarici işlər naziri etiraz əlaməti olaraq vəzifəsindən istefa verib

30 Noyabr

Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ölkə parlamentinin və hökumətinin BMT-nin Qlobal Miqrasiya Paktına qoşulmama qərarına etiraz olaraq tutduğu vəzifədən istefa verib.

TİA.AZ xəbər verir ki, noyabrın 29-da Slovakiya parlamenti böyük səs çoxluğu ilə son həftələrdə barəsində ziddiyyətli müzakirələr aparılan Miqrasiya Paktına qoşulmamaq barədə qərar qəbul edib. Parlamentin bəyanatında bildirilir ki, təhlükəsiz, mütəşəkkil və idarəolunan miqrasiya ilə bağlı Qlobal Pakt hazırkı redaktədə Slovakiya Respublikasının təhlükəsizlik və miqrasiya siyasəti ilə uyğun deyil. Parlamentdə təmsil olunan 150 deputatdan 90-ı Pakta qoşulmağın əleyhinə, 15-i isə lehinə səs verib.

Səsvermədən sonra Baş nazir Peter Pelleqrini bəyan edib ki, hökumətin mövqeyi parlamentin qərarı ilə tam üst-üstə düşür. Həm hökumət, həm də müxalifət partiyalarını təmsil edən deputatların səsvermədə birlik göstərməsi də ölkənin xarici siyasəti ilə bağlı parlamentdə konsensusun olduğunu göstərir.

Bu ilin sentyabrınadək BMT Baş Məclisinə prezidentlik edən M.Layçak Qlobal Miqrasiya Paktının mətninin dövlətlər arasında razılaşdırılmasında mühüm rol oynayıb. Heç bir siyasi blokda təmsil olunmayan bitərəf diplomat parlamentin və hökumətin bu qərarından sonra vəzifəsindən istefa verib.