Tribuna İnformasiya Agentliyi

Skripal cinayətinin izi ilə Solsberi şəhərində – REPORTAJ

30 Aprel

Şəhərin mərkəzində qurulan marketdə satıcı meyvələrini satmaq üçün gəlib keçən alıcılara səslənir, digər tərəfdə başqa bir satıcı orta yaşlı ər-arvadı toyuqlarının marketdəkilərdən daha yaxşı olduğuna inandırmağa çalışır. Onlardan 5-10 addım aralıda, iki nəfər polis böyük bir “Pub”ın (pivəxana) yanında qarovul çəkir, bir tərəfdən də gələn-gedənlə söhbətləşirlər. Mənim foto çəkdiyimi görən polislərdən biri kamerama gülümsəyir, gəlib necə çəkdiyimə baxır.

Belə bir dialoqumuz olur:

– Deyəsən, bura Skripalların zəhərləndiyi “Pub”dır?

– Hə, ancaq zəhərlənmə ehtimalıdır, dəqiq bilinmir harada zəhərlənib.

– Çox gözəl yer imiş.

– Hə, elədir, – deyə gülümsəyir 27-28 yaşlarındakı gənc polis.

Böyük Britaniyada gördüyüm ən gözəl mənzərəli “Pub”lardan birinin çöldəki boş masalarına baxmağa davam edirəm. “Avon” çayının ortadan kəsdiyi bu pivəxana Solsberi şəhərinə gələn qonaqların bir zamanlar ən çox gəlib-getdikləri məkanlarından biri idi. İndi isə məkanın girişi polis lentləri ilə bağlanıb.

Şəhərə yeni gələn və son bir neçə aydır mətbuatı izləməyən birisi üçün bu hal qeyri-adi görünə bilər. Ancaq Solsberi sakinləri mərkəzi küçələrdəki polis lentlərinə və şəhərin müxtəlif yerlərində gəzən uniformalı, əli silahlı polislərə artıq öyrəşiblər.

Belə ki, “Mill Pub” adlanan bu məşhur məkan martın 4-də Sergey Skripal və qızı Yuliya Skripalın “Noviçok” kimyəvi silahı ilə zəhərlənməsindən sonra polis tərəfindən bağlanan yerlərdən biri olub. “Pub”ın kənarından keçib, geridə buraxdığım yaşıllıqların içindəki məkana baxa-baxa addımlayıram. Çox keçməmiş başqa bir parkın ətrafında bir polis lenti görürəm. Park başdan-başa lentlənib və hər girişdə bir polis maşını dayanıb. Xəbərlərin süjetinə görə, Skripallar yuxarıda bəhs etdiyimiz pivəxana və pizza dükanından çıxandan sonra bu parkda bihuş vəziyyətdə tapılıblar. Bir anlıq Solsberinin mərkəzinin necə də kiçik olduğu ağlımdan keçir. Parkın dörd tərəfində düzülən polisləri hər gün burada keşik çəkərkən görmək parkın 10-15 addımlığında yerləşən marketdən alış-veriş edən şəhər əhalisi üçün adi bir hal alıb. Vətəndaşlardan biri polisi görüb, “Hələ də burdasınız!” deyə uzaqdan səslənir. Hiss olunur ki, polislə tanışlığı var. Mən isə parkı ilk dəfə görən biri olaraq ətrafa, skamyalara baxmağa davam edirəm. Yazılanlara görə, ata və qızının tapıldığı skamya artıq parkdan yığışdırılıb. Maltinqs adlanan parkın girişində olan bir neçə dükan da Skripalların güdazına gedib, bağlanan məkanlardan olub. Kənardakı mağazalarda isə həyat adi bir şənbə günündə olduğu kimi davam edir.

Polis hələ də adamla söhbət edir.

Yüksək səslə “Mən inanıram ki, bunu ruslar edib” deyən adam sonra sakit səslə polislə söhbətinə davam edir. Onların yanından keçib gedirəm. Şəhər mərkəzində bağlanan üçüncü yer isə Skripalların getdiyi “Zizzi” adlanan pizza dükanı olub. Səkinin lentlə əhatələnməsi üzündən piyadalar yolda işarələrlə açılmış piyada zolağından keçirlər. Artıq “Skripal hadisəsi” şəhər əhalisinin canına hopub.

Şəhərdə görmək istədiyim digər bir yer isə Skripalın evidir. Mərkəzdən yarımsaatlıq məsafədə olan “Kristie Miller” küçəsinə doğru yola çıxıram. Bu yerdə çox sakit bir atmosfer hökm sürür. Burada əsasən ikimərtəbəli həyət evləri yerləşir. Şəhər mərkəzinin canlılığı və hərəkətliliyi gözə çarpmır. Yuxarı çıxdıqca, hiss edirsən ki, küçəni sanki bir sakitlik bürüyüb. Məhəllənin girişində iki polis əməkdaşı yol zolaqlarından birini bağlayıb. Bir maşın ötür yanımdan, orta yaşlı bir kişi maşının şüşəsini açıb polisə salam verir. Polis onu içəri, məlum məhəlləyə buraxır. Skripalların evinin fotosunu çəkmək istədiyimi deyirəm polisə. İcazə vermir, şübhəli bir şəkildə haradan gəldiyimi soruşur. Azərbaycandan olduğumu deyirəm. Bura ancaq məhəllədə yaşayan insanların keçməsinə icazə verilirmiş. Uzaqdan məhəllənin girişini çəkib şəhər mərkəzinə qayıdıram.

Deyilənə görə, Skripallar evinin giriş qapısındakı dəstəyə bulaşdırılmış “Noviçok”un təsiri altında qalıb. Şəhər mərkəzinə qayıdıram.

Əhalisinin sayı təxminən 40 min olan İngiltərənin cənub qərbindəki bu şəhərdə hamı gündəlik həyata davam edir. Bir qrup turist “Stonehenge” adlanan daş və tunc dövründən qalma daş abidələri görmək üçün Solsberi qatar stansiyasının qabağından avtobuslara minir.

Şəhərin digər hissəsindəki xəstəxanada isə həkimlər Skripalın vəziyyətinin yaxşılaşması üçün əllərindən gələni etməyə davam edirlər.
APA

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...

...