access_time Dərc olunub: 12:20
"Ermənistan özünü ifşa edir" - Hikmət Hacıyev

Şahin Mirzəyev adlı şəxsin Ermənistana keçməsindən sonra həmin ölkənin xarici işlər və müdafiə nazirləri bununla bağlı açıqlamalar veriblər. 

Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a açıqlamasında onların dediyi fikirləri şərh edib:

- Bu marginal fərd barəsində Ermənistan xarici işlər nazirliyinin dərhal bəyanatla çıxış etməsi, Ermənistan müdafiə naziri Viqen Sarkisyanın onunla əlaqədar verdiyi açıqlaması əslində Ermənistanın özünü ifşası və bu şəxsin Ermənistan xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıqda olmasının açıq sübutudur. Bu kimi açıqlamalarla və həmin fərdi rəsmi propaqanda obyektinə çevirməyə cəhd göstərməklə Ermənistan xarici işlər nazirliyi, müdafiə naziri və xüsusi xidmət orqanları özlərini bir daha gülünc vəziyyətə qoyur və çarəsiz vəziyyətdə olduqlarını göstərir. 

Azərbaycanda guya etnik azlıqların problemləri olduğunu iddia edən Ermənistan müdafiə nazirinin yaddaşını təzələmək istərdik ki, Ermənistan yürütdüyü etnik təmizləmə və rasizm siyasəti nəticəsində dünyada yeganə monoetnik dövlətdir. Yalnız müstəqillikdən sonra Ermənistan ərazisindən kütləvi şəkildə 200.000-dən artıq köklü azərbaycanlı, habelə rus və digər slavyan mənşəli xalqlar, yəzidi kürdlər, yəhudilər və başqaları qovulmağa məruz qalıblar.

Azərbaycan özünün etnik-mədəni, dini müxtəlifliyi və multikultural ənənələri ilə fəxr edir və milli təcrübə əsasında beynəlxalq səviyyədə multikulturalizmin təşviqinə öz töhfəsini verir.

Şərhlər