access_time Dərc olunub: 15:46
AZƏRBAYCANI AVROPA ŞURASINDAN KƏNARDA NƏ GÖZLƏYİR?-EKSPERT RƏYİ

Amma Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduqdan sonra üzərinə götürdüyü bütün öhdəlikləri  yerinə yetirməyə çalışır.Bu, o deməkdir ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq etməkdə maraqlıdır. Çox təəssüf ki, bəzən bunun Avropa Şurasından qarşılığını görmür.  Bəs, Azərbaycan Avropa Şurasını tərk etdikdə nələri itirə və ya qazana bilər? TİA.AZ-a açıqlama verən   politoloq Şahin Cəfərli bildirdi ki, Avropa Şurasından kənarlaşmaq Azərbaycana heç nə qazandırmayacaq: “Əminəm ki, bunu hər kəs dərk edir. Amma Avropa Şurasından çıxmaqla Azərbaycan çox şey itirər, “heç nə dəyişməz” deyənlərə qatılmıram. Əvvəla, Avropa Şurası qitənin bütün dövlətlərini öz sıralarında birləşdirən yeganə qurumdur və qitə problemlərinin müzakirə olunduğu mühüm forumdur. Avropa Şurası  hüquq, insan haqları, demokratik inkişaf, qanunun aliliyi sahələrində Avropa standartlarına çatmaq, bu məsələlər üzrə istər qurumun özü ilə, istərsə üzv dövlətlərlə əməkdaşlıq üçün vacib platformadır. Ölkəmiz təşkilata daxil olanda mərhum Heydər Əliyev bunu tarixi hadisə adlandırmışdı və səhhətindəki problemlərə baxmayaraq, Strasburqa gedərək Azərbaycanın üzvlüyünün rəsmiləşdiyi toplantıda iştirak etmişdi. Azərbaycan nümayəndə heyətləri hər zaman AŞ Parlament Asaambleyasının sessiyalarında fəal iştirak edib, qitəni və dünyanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırmaq üçün bu tribunadan yararlanıb.

 Yeri gəlmişkən, AŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmədiyi üçün tənqid olunur, halbuki münaqişənin həlli bu qurumun mandatına daxil deyil. Ümumiyyətlə, AŞ münaqişələrin həlli ilə məşğul olmur. Buna baxmayaraq, AŞPA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun müxtəlif sənədlər qəbul edib və bunların siyasi əhəmiyyəti az deyil. AŞ-dən çıxmaq o deməkdir ki, biz bu tribunanı itiririk və meydanı Ermənistana təhvil vermiş oluruq. Hər halda, Azərbaycanda heç kəs bunun ölkəmizin maraqlarına uyğun olduğunu söyləyə bilməz. Digər tərəfdən, Avropa Şurasından uzaqlaşmaq mədəni dünyadan uzaqlaşmaq deməkdir.

Nəzərə almaq lazımdır ki, Avropa Şurası təkcə Avropa Şurası demək deyil. AŞ-dən demokratiya, insan haqları sahələrindəki ciddi problemlər səbəbi ilə çıxan (yaxud çıxarılan) dövlət digər Avropa qurumları ilə münasibətlərini heç nə olmamış kimi inkişaf etdirə bilməz. Bu hadisənin digər Avropa təşkilatlarının diqqətindən yayınması mümkün deyil. Onlar Azərbaycanla münasibətlərində bu amili mütləq nəzərə alacaqlar. AŞ-dən kənarlaşmaq bütövlükdə müasir dünya ilə əlaqələrimizə neqativ təsir göstərəcək, bizi Rusiyanın ağuşuna atacaq. Hesab edirəm ki, buna yol vermək olmaz. AŞ ilə masaya oturub, problemləri həll etmək lazımdır.

 
Beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova İSƏ TİA.AZ-a  bildirdi ki, hazırda Azərbaycanın Avropa Şurasından çıxmasını bir o qədər də real hesab etmir:”Çünki ümumi götürdükdə faktiki olaraq hazırda Rusiya ilə Avropa Şurasının münasibəti də normal deyil. Qazaxıstan və Belarus ümumiyyətlə bu təşkilata üzv deyillər. Bir də Azərbaycan kimi əhəmiyyətli ölkənin üzvlükdən kənarlaşması Avropa qitəsində sülh və demokratiyanın yayılmasını özünün ali məqsədi elan edən Avropa Şurasının MDB məkanında mövqelərinin daha da zəifləməsinə gətirib çıxara bilər. Azərbaycan Avropa Şüasından çıxmaqla cənab prezident İlham Əliyev demişkən, heç nə itirməyəcək, bizim üçün heç nə dəyişməyəcək. Çünki indiyədək Avropa Şurasının üzvü kimi ölkəmiz bütün öhdəlikləri yerinə yetirib.

Əgər söhbət Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasından gedirsə, Azərbaycan daima bu qərarları icra edib, kompensasiyalar ödənilib.Halbuki, həmin Avropa İnsan Haqları Məhkəməsinin 11 min qərarı hələ də başqa ölkələr tərəfindən icra olunmamış qalır. Qeyd elədiyimiz kimi, onsuz da Avropa Şurasının bəzi digər  post sovet ölkələri ilə münasibəti ya yoxdur, ya da çox aşağı səviyyədədir. Məsələn, Rusiya burada səsvermə hüququndan məhrum edilmişdi. Bu, Rusiya üçün heç nəyi dəyişdirmədi.Yaxud, Belarus ölüm hökmünü ləğv etmir və Şuraya üzvlüyə can atmır. Bu, Belarus üçün nəyisə dəyişimi?! Yox, əlbəttə ki.Lakin Avropa Şurası öz dəyərlərini daha geniş məkanda yaymaq imkanlarından məhrum olur. Üzv ölkələrlə yaxşı münasibətlərin saxlanılması və inkişaf ilk növbədə bu təşkilatın özünə lazımdır.

Bu günlərdə Aqramuntun istefası Rusiya ilə münasibətləri daha da gərginləşdirdi. İndi Yaqlandın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər həm diplomatik etika, həm də hüquqi baxımdan əsassızdır. Yaqland Nobel komitəsindən uzaqlaşdırılmışdır, çünki Yaxın Şərqdə müharibəyə başlayan, "Ərəb baharı" adı altında başladılıb milyonlarla insanın qaçqın vəziyyətinə düşməsinə, həlak olmasına səbəbkar olan Obamaya sülh sahəsində Nobel mükafatı verilməsi onun dəstəyilə mümkün olub.

Halbuki, həmin hadisələrdən bu gün Avropa qitəsi özü də müəyyən qədər zərər çəkir. Yüz minlərlə miqrant, çoxsaylı terror aktları məhz Yaqlandın sülh sahəsində Nobel verdiyi şəxsin əsəridir.İndi isə, Avropa Şurasında söz verdiyi islahatları həyata keçirmək, onu mövcud çağırışlara daha yaxşı hazırlamaq, Rusiya kimi böyük bir dövlətlə münasibətləri qaydasına salmaq əvəzinə, normal üzvlük fəaliyyətini yerinə yetirən bir ölkəyə - Azərbaycana qarşı bu münasibət heç də yaxşı hal deyil.Bir müddət əvvəl Türkiyəyə qarşı da müəyyən haqsız hücumlar edilmişdi. Görünən odur ki, müstəqil siyasət yeridən, milli maraqlarına dəyər verən ölkələrə qarşı Avropa Şurası da bəzi digər beynəlxalq təsisatlar kimi təzyiq vasitəsi olmaqdan o yana gedə bilməmişdir.
NÜŞABƏ
TİA.AZ

Şərhlər