Şirvanın Vətən müharibəsi şəhidi, baş əsgər Kamran Fərəcovun şərəfli döyüş yolu gələcək nəsillərə örnəkdirbackend

Şirvanın Vətən müharibəsi şəhidi, baş əsgər Kamran Fərəcovun şərəfli döyüş yolu gələcək nəsillərə örnəkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhidlik ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir. Bu müqəddəs amal uğrunda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür. Vətənimizin bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından, qanından keçən belə şücaətli oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolu dillər əzbəri olmalıdır. Şəhidləri yad etmək, xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətən müharibəsinin şəhidi, müddətdən artıq xidmət edən hərbi qulluqçu, baş əsgər Fərəcov Kamran İlqar oğlu 1996-cı ilin fevral ayının 14-də Şirvan şəhərində anadan olub. 2002-2013-cü illərdə Milli Qəhrəman Tahir Bağırov adına 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Milli Qvardiyada xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra evə qayıtsa da hərbiçi peşəsinə olan vurğunluğu və vətənpərvərliyi onu yenidən ordu sıralarına qaytarıb. 2016-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlayıb. Baş əsgər Kamran Fərəcov 5 il ərzində hərbiçi peşəsinin sirlərinə müvəffəqiyyətlə yiyələnib və peşəkar hərbçi kimi 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində fəal iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında əsl qəhrəmanlıq və şücaət nümayiş etdirib. 28 günlük döyüş yolunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. Neçə-neçə erməni əsgərini və texnikasını məhv edib, lakin oktyabrın 24-də Şuşa şəhərinin yaxınlığında yerləşən Çanaqçı kəndi uğrunda döyüşdə komandiri ilə birlikdə şəhid olub. Ailənin yeganə oğul övladı, 3 bacının tək qardaşı Kamran Fərəcov Allah qatında ən ali məqamlardan sayılan şəhadətə yüksəlməsi ilə bütöv Azərbaycanın fəxrinə çevrilir. Cəmi 24 yaşında böyük bir iztihamla qürur yerimiz olan müqəddəs Şəhidlər Xiyabanında uğrunda canından keçdiyi torpağa əmanət edilir. Kamrandan yaxınlarına son mənzilə yola salındığı 3 rəngli bayraq, hər biri özündə hərbçinin həyat hekayəsini yaşadan hərbi geyimləri və yarı ciddi, yarı təbəssümlə nur üzlü çöhrəsinin boylandığı şəkilləri qaldı. Bir də Vətən uğrunda şəhid olmaqla şanlı tariximizə yazılan şərəfli adı… O ad ki, belə bir igid, məğrur, qormaz oğul böyüdən ata-ananın qarşısında baş əydirir, “Başın sağ olsun” yox, “Vətən sağ olsun” dedizdirir. Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında şəxsi igidlik və rəşadət nümayiş etdirdiyinə görə Kamran İlqar oğlu Fərəcov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Kamranın atası İlqar Fərəcov, anası Reyhan xanım öz zəhmətləri ilə yaşayan, sadə bir ailədə 4 övlad böyüdüblər: 3 qız, 1 oğlan. Kamran ailənin 3-cü övladı idi. Qızların üçü də ailəlidir. Kamran da 2018-ci ilin avqustun 19-da sevdiyi Fidan xanımla ailə qurub. Uşaq yaşlarından atasını itirən Fidan da bütün məhəbətini bu yaraşıqlı, alicənab, mərd oğlana bağlayıb. Elə o sevginin güçü idi ki, doğulub-böyüdüyü el-obadan kənarda, hərbi şəhərcikdə Kamranla birlikdə hərbçi həyatının bütün çətinliklərinə dözüb. Kamran sentyabrın 27-də müharibə başlayanda ilk gündən döyüşlərə qatılsa da, nə ömür-gün yoldaşına, nə də valideynlərinə bu barədə heç nə bildirməyib, onların narahat olmasını istəməyib. Ta ki, 23 oktyabra qədər ailə üzvləri onun sadəcə təlimdə olduğunu düşünüblər. Sonuncu telefon danışığında hər şeyin qaydasında olduğunu bildirib. Bu gün atasını ən çox incidən də elə onun döyüşdə olduğunu bilməməsidir, deyir ki, əgər bilsəydi onunla həmişə fəxr etdiyini özünə deyərdi…

Reyhan xanım danışır ki, Kamran lap uşaqlıqdan oruc tutub, ibadətlə məşğul olurdu. Hətta bəzən onu sahura oyatmağa qıymırmış… Kamranın nənəsi 87 yaşlı Bənövşə nənə

kövrələrək Kamranı bütün nəvələrindən çox istədiyini deyir. Sanki Allah Kamranı sevdiklərindən daha çox sevdiyi üçün onu öz dərgahına apardı, şəhadətlə mükafatlandırdı. Çünki belə nəcib, təmiz ürəkli, yüksək insani keyfiyyətlər malik, mərd oğula başqa cür də yaraşmazdı.

Bu gün Kamranın yaxınlarını ovutmaq üçün bəlkə kəlmələr yetərli deyil, lakin bir şey dəqiqdir ki, illər keçdikcə bütün olanlar bəlkə unudulacaq, amma Kamran kimi oğullar daim xalqın şüurunda və qəlbində yaşayacaqdır. Çünki onlar xalqın, yurdun var olma səbəbləridir. İnşaallah, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımız abadlaşdıqca, o torpaqlarda 3 rəngli bayrağımızı dalğalandıran, bizə Qələbə sevincini və qürurunu yaşadan Kamranların ruhu şad olacaqdır!

Şəhidlər ölməz, Vətən bölünməz!